Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

üzvlənməyən cümlələr

Bir sözdən ibarət olub sintaktik cəhətdən üzvlənməyən cümlələr.

Bu cür cümlələr bitmiş fikir ifadə etsə də, onları baş və ikincidərəcəli üzvlərə ayırmaq qeyri-mümkündür. Üzvlənməyən cümlələrə söz-cümlə deyilir. Söz-cümlələr təsdiq və inkar ədatları (hə, bəli, yox, xeyr, əsla, qətiyyən, heç, heç də), bəzi modal sözlər (əlbəttə, sözsüz, baş üstə, göz üstə, şübhəsiz və s.) və nidalarla (ah, aha, oho, ey, əfsus və s.) ifadə olunur. Söz-cümlələr fikrin qısa, emosional və sürətlə ifadəsinə imkan verir; məs.: Bilmirsən, bu nə mahnı idi, Zaur? Yox (Anar). Sən bu mövzunu qəsdən seçmisən? Xeyr (S.Əhmədov). Onda verin bəri, qol çəkim! Baş üstə! (S.Rəhimov)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ümumiləşdirici söz

Həmcins cümlə üzvlərinin hamısına aid olub onların mənasını ümumiləşdirən söz və ya söz birləşməsi.

Ümu­miləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, on­dan sonra iki nöqtə (:) qoyulur; məs.: Hər tərəfdə: suda, quruda, uzaqda, yaxında zenit topları səs-səsə verirdi. Ümu­miləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl tire (–) işarəsi qoyulur; məs.: Mən o zamandan Misiri, Şamı, Ən­dəlisi – hər yeri gəzmişəm (C.Cabbarlı).  

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

üçlük

Hər bəndi üç misradan ibarət olan şeir şəkli.

Ü. şəklində yazılan klassik şeir janrları yapon xokkusu, italyan tersinasıdır. Ədəbiyyatımızda müxtəlif qafiyə quruluşuna malik Ü.-lər mövcuddur. M.Müşfiqin “And olsun” şeiri a.a.b, c.c.b, d.d.b, ... şəklində qafiyələnib:

Şairləri qanadında bəsləyən, (a)

İnsanların həyatını süsləyən (a)

İncə ruhlu mələklərə and olsun! (b)

                          ***

Boynundakı dalğa-dalğa tellərə, (c)

Qaşlarının altındakı sellərə, (c)

Qəlbindəki istəklərə and olsun! (b)

                          ***

...Gəncliyimə qanad verən, ruh verən, (d)

Hər dəqiqə ayrı cilvə göstərən (d)

Əlirişməz diləklərə and olsun! (b)

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

üslubi fiqur

lat. fiqura – оbraz, şəkil

Nitqin ifadəliliyini və ekspressivliyini artırmaq üçün işlədilən bədii-linqvistik üsul.

Ü.F. nitqə yeni informasiya gətirmir, yalnız nitq quruluşuna təsir göstərməklə onun bədiiliyini və emosionallığını artırır. Bəzən məcaz və onun növləri Ü.F.-un tərkibinə daxil edilir, digər mənbələrdə isə onlar kəskin fərqləndirilir. Məcazı fərqləndirən əsas cəhət sözün kontekstdə məcazi məna kəsb etməsidir. Bununla belə, etiraf etmək lazımdır ki, məcaz Ü.F. anlayışının ehtiva etdiyi meyarları (nitqin bədiiliyinin və ekspressivliyinin qüvvətləndirilməsi) özündə əks etdirir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti