Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

hərbə-zorba

Azərbaycan aşıq poeziyasında, daha çox deyişmələrdə təsadüf edilən şeir növü.

Hərbə-zorbada yumor elementləri üstünlük təşkil edir. Aşıqlar, adətən, de­yişmə prosesində rəqib qarşısında öz üstünlüyünü gös­tərmək məqsədilə hərbə-zorbaya müraciət edirlər. Daha çox qoşma formasında yaradılır; məs.:

İstəmirəm sənə dəyəm, dolaşam,

Bağırsam, qulağın kar olar onda!

Әlindən alaram telli sazını,

Gen dünya başına dar olar onda! (Aşıq Hüseyn Bozalqanlı)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

hərf

Danışıq səslərini yazıda əks etdirən qrafik işarə.

Belə işarələrin müəyyən sistemlə ardıcıl olaraq düzülüşü əlifba adlanır. Eyni bir hərf sözdən və sözdəki yerindən asılı olaraq müxtəlif səsləri əks etdirə bilir. Məsələn, Azərbaycan əlif­basında k hərfi kömür, kart, bitki sözlərində müxtəlif səsləri əks etdirir: [k], [k`] [g].

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

həzəc

Əruz vəzninin Azərbaycan klassik poeziyasında geniş istifadə olunan bəhrlərindən biri.

Təfiləsi məfAİlün-dür; onun dörd dəfə təkrarı ilə düzəlir: “Məni candan usandırdı, cəfadan yar usanmazmı(M.Füzuli). Klassik ədəbiyyatımızda bir çox poemalar həzəc bəhrində yazılıb: “Leyli və Məcnun” (M.Füzuli), “Xosrov və Şirin” (N.Gəncəvi), “Dəhnamə” (Ş.İ.Xə­tai) və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

holavarlar

Əkinçiliklə bağlı cütçülər tərəfindən oxunan əmək nəğmələri.

Çox qədim dövrlərdə yaranmış nəğmələrdir. Holavarlar, əsasən, a.a.b.a şəklində qafiyələnir və dörd mis­radan ibarət olur. Hər misrası 7 hecalı olmaqla bəzən 3-4, bəzən də 4-3 bölgüsündə olur. Bu nəğmələr, adətən, öküz, kəl kimi heyvanlara müraciətlə oxunur:

Öküz, öküz, xan öküz,

Boynu qızıl qan öküz,

Çək çayırı çəməndən,

Sənə qurban can öküz.

Bəzi holavarlarda cüt, hodaq, mac kimi əkinçilik alətlərinin də adı çəkilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

humanizm

lat. humanitas – insanlıq > humanus – insani > homo – insan

İnsansevərlik, insanpər­vərlik, insan ləya­qətinə hörmət kimi prinsiplərin məcmusu.

Humanizm prinsipləri İntibah dövründən başlayaraq bir çox əsərlərin əsas leytmotivini təşkil edib. Daha qədim dövrdə də mənəvi dəyərlər tərənnüm edilib, lakin onlar, əsasən, yüksək ictimai təbəqənin insanlarına xas olan keyfiyyətlər kimi qələmə ve­rilib. Humanizmin əsas mahiyyəti olan insana dəyər vermək prinsipinə N.Gəncəvinin Fitnə (“Yeddi gözəl”) obrazını misal göstərmək olar. Humanizm motivləri İmadəddin Nə­siminin yaradıcılı­ğında öz zirvəsinə çatır. İnsanı ali varlıq kimi təqdim edən böyük şairin əsərləri tək­cə Azər­bay­can deyil, bü­tövlükdə Yaxın və Orta Şərq xalqları ədə­biyyatında dün­yəviliyə və humanizmə doğru atılan bir addım idi.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xəbər

Haqqında danışılana aid hərəkət və ya hökmü bildirən cümlə üzvü.

Xəbər və mübtəda cümlənin qrammatik əsa­sını təşkil edən baş üzvlərdir; məs.: Göyərçinlər evlərin da­mında yuva qurmuşlar. Xəbər nitq hissələri, söz bir­ləş­mələri, məsdər, feili sifət tərkibləri, frazeoloji birləşmələr, təsriflənən feillər və s. ilə ifadə olunur; məs.: Uşaqlar həyətdə oyna­yırdılar. Azərbaycanın elm mərkəzlərindən biri AMEA-dır. Bu şagird məktəbi təzə bitirənlərdəndir. Xəbər ifadə vasitələrinə görə iki cür olur: feili xəbər, ismi xəbər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

xəbər budaq cümləsi

Baş cümlədə əvəzlik-qəliblə ifadə olunmuş xəbəri izah edən və xəbərin suallarına cavab olan budaq cümlə.

Xəbər budaq cümləsinin iki tipi vardır: 1. Bu­daq cümlə baş cümlədən qabaq işlənir və tərkibində bağlayıcı söz (kim, hər kim, hər kəs, nə, hər nə, necə, nə cür) iştirak edir: Kəssə hər kəs (bağlayıcı söz) tökülən qan izini, Qurtaran dahi odur (əvəzlik-qəlib) yer üzünü (H.Cavid). 2. Əvvəl baş cümlə gəlir və budaq cümlə ona bağlanır. Baş cümlənin xəbəri müxtəlif formalarda işlənən odur, budur, elədir, belədir, o oldu, bu oldu, ona görədir, buna görədir və s. əvəzlik-qəlib­lərindən ibarət olur; məs.: Tələbim də bu oldu ki, Bakıdan komissiya gəlib bizim işimizi yoxlasın (Ə.Vəliyev); Bəlkə, bu ona görədir ki, Kübranın taleyi ilə mənim taleyim arasında bir yaxınlıq var (M.Cəlal).

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti