Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

həmasə

ər. – şücaət

VI–IX əsrlərdə ərəb ədəbiyyatında şeir antologiyası.

Bu antologiyaların ilk bölmələri məşhur ərəb sərkərdələri və döyüşçülərinin şücaətinə həsr olunurdu. Әrəb yazıçısı və alimi Әbu Təmmamın (təxm. 796–843) tərtib etdiyi H.-yə islamaqədərki, Əməvilər və Abbasilər dövrlərinin 570-dək ərəb şairinin əsərləri daxildir. H.-də öldürülən döyüşçülər haqqında qəmli şeirlər, mərsiyələr, hikmətamiz sözlər, təbiət təsvirləri, aşiqanə şeirlər, mədhiyyələr və s. yer alır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

həzl

Zarafatla yazılmış yumoristik şeir; dostluq şarjı.

H. həcvdən fərqlənir. Burada satiraya deyil, yumora üstünlük verilir və bu zaman qarşı tərəfə hörmət hissi qorunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

hicrətnamə

Məhəmməd peyğəmbərin dövründə Məkkədən Mədinəyə hicrət zamanı baş vermiş hadisələri əks etdirən mənzum əsər, hicrət şeiri.

Təkkə şeirlərində çox sayda H.-lərə rast gəlmək mümkündür. Sonrakı dövrlərdə müxtəlif səbəblərdən kütləvi köçləri də qələmə alan mənzumələrə H. adı verilib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

hiperbaton

yun. hyperbaton – yerdəyişmə

Cümlədə (əsasən, nəzmdə) ara sözün və ya cümlənin yerində işlənməməsi ilə yaranan inversiya.

Başqa sözlə desək, H. yanaşı gələn sözlərin bir-birindən ara söz və ya cümlə ilə ayrılmasıdır. Nitqin ifadəliliyinə, vəznin qorunub saxlanılmasına xidmət edir; məsələn:

Sevirəm zahidi kim, guşeyi-mehriban sevər,

Xəmi-əbrunə, rəqibim olub, olmaz mail. (M.Füzuli)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti