Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

düyün

Bədii əsərdə ekspozisiya ilə kulminasiya arasında gələn süjet mərhələsi; zavyazka, rəbt.

Əsasən, nəsr və dra­matik əsərlərdə özünü göstərir. Düyün ziddiyyətlərin baş­lanması, hadisələrin, surətlərin qarşılaşdırılması, toq­quşması ilə yaranır və yazıçı ideyasına, məqsədinə xidmət edir. Mə­sələn, N.Gəncəvinin “Yeddi gözəl” əsərində Bəhramın ata­sı­nın vəfatından sonra taxtın özbaşına buraxılması və qonşu ölkələrin taxt-taca yiyələnməsi, Bəhramın hakimiyyət uğ­run­da mübarizəsi düyünün başlanması üçün əsas zəmindir. Düyün dramatik əsərlər üçün daha xarakterikdir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

düzəltmə söz

Leksik şəkilçi vasitəsilə yaradılan söz; məs.: pambıq-çı, göz-lük, yaz-ı-çı-lıq və s.

Leksik şəkilçi qəbul edə bilmək əsas nitq hissələrinə xasdır. Köməkçi nitq hissələrinin leksik mənaları olmadığı üçün leksik şəkilçi qəbul etmir. Buna görə də köməkçi nitq hissələri quruluşca düzəltmə ola bilmir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dadaizm

1916–1922-ci illərdə Qərbi Avropa ədəbiyyatı və incəsənətində mövcud olmuş modernist cərəyan.

D. cərəyanının banisi şair Tristan Tsara 1918-ci ildə bu sözün mənşəyi haqqında yazırdı: “Kru adlı zənci qəbiləsinin dilində dada müqəddəs inəyin quyruğu mənasını verir. İtaliyanın bəzi vilayətlərində bu sözlə uşaqlar üçün taxta at oyuncağını adlandırırlar. Rus dilində isə da, da – bəli, bəli deməkdir. “Dada” sözü uşaq qığıltısını bildirən təqlidi söz kimi də qəbul edilə bilər. Beləliklə, bu sözün mahiyyətində mənasızlıq durur ki, o da D. cərəyanını çox yaxşı səciyyələndirir”. D. İsveçrədə anarxist təbiətli yaradıcı ziyalılar mühitində meydana gəlib, sonradan digər Avropa ölkələrinə də yayılıb. Dadaistlərin fikrincə, I Dünya müharibəsinin yaratdığı zülm və qəddarlıq bu dünyada həyatın mənasızlığını bariz şəkildə ortaya qoyub. Onlar iddia edirdilər ki, məntiq və rasionallıq dünyada müharibələrin və konfliktlərin əsas səbəbidir. Ona görə də D.-in əsas prinsipləri irrasionallıq, sistemsizlik, ədəbiyyat və incəsənətdə hər cür standart və kanonların rədd edilməsidir. Bu etiraz dadaistlərin əsərlərini, adətən, özbaşınalığa, anarxizmə çevirirdi. 1922-ci ildən sonra D. Fransada sürrealizmlə, Almaniyada ekspressionizmlə əvəz olunub.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dedim-dedi

Lirik qəhrəmanla sevgilisi arasında dialoq şəklində qurulmuş şeir forması.

Ədəbiyyatımızda həm əruz, həm də heca vəznində D-D.-lər yazılıb. Ə.Vahidin “Eyləmisən” qəzəli əruz vəznində D-D.-nin ən yaxşı nümunələrindəndir:

Dedim: – Ey qönçədəhan, könlümü qan eyləmisən,

Dedi: – Bica yerə eşqimdə fəğan eyləmisən. (Ə.Vahid)

Aşıq ədəbiyyatında qoşma şəklində D-D. nümunələri var:

Dedim: Xəstələrin can dərmanısan,

Dedi: Aşiqlərin kərəm kanısan.

Dedim: Ay qız, mənim adım tanısan,

Əzəldən bilirəm Alısan, – dedi. (Aşıq Alı)

Bəzi ədəbiyyatşünaslar D-D.-ni daxili deyişmə də adlandırırlar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dekadentizm

fr. decadent – düşkünləşmiş

XIX əsrin sonu XX əsrin əvvəllərində Avropada pessimizm və düşkünlük əhvali-ruhiyyəsini əks etdirən modernist cərəyan.

D.-in əsas leytmotivi ölüm və axirət, tarixən formalaşmış mənəvi dəyərlərdən imtinadır. Digər modernist cərəyanlar kimi D. də ifrat estetizm, individualizmlə xarakterizə olunur, sənətdə ənənəvi meyillərə, xüsusilə naturalizmə və akademizmə qarşı çıxırdı. Dekadentçilər sosial-siyasi problemlərdən uzaq olmağı sənətdə azadlığın əsas şərti və təzahürü kimi qəbul edirdilər. Onlar ölümü, pozğunluğu və əxlaqsızlığı tərənnüm edir, sənətdə zahiri gözəlliyə və bədii formanın rəngarəngliyinə can atır, özləri üçün bir çox simvolik işarələr və üslubi vasitələr yaradaraq fikirlərini daha çox işarələrlə bildirirdilər.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

del arte

ital. dell’arte – incəsənət, yüksək məharət

XVI–XVIII əsrlərdə İtaliyada mövcud olmuş improvizasiya xarakterli milli teatr növü; maska teatrı.

D.A. qısa, sxematik süjet şəklində yazılmış ssenari əsasında oynanılırdı, ona görə də improvizasiya aktyor ifasının əsasını təşkil edirdi. Aktyorlar səhnəyə maskalarda çıxırdılar. İki qrup maskalar mövcud idi: şimal (Venesian) və cənub (Neopolitan) qrupları. Hər qrupun öz maska-obrazları var idi. Bu teatr Qərbi Avropa dram teatrının inkişafında böyük rol oynadı, belə ki, D.A. truppaları teatr tarixində ilk peşəkar truppalar sayılır. Burada artıq rejissura elementləri özünü göstərirdi (aparıcı aktyor həm də rejissor idi). XIX əsrdə D.A. tənəzzülə uğrayaraq öz yerini pantomimamelodrama verdi. D.A.-nin elementlərindən (improvizasiya, bir aktyorun bir neçə rol oynaması və s.) bu gün də teatrda, xüsusilə stəndap (stand-up) komediyasında və komik teleseriallarda geniş istifadə olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

demiurq

yun. demos – xalq + urgos – iş, yaratma

Mifologiyada Yaradan obrazı; kosmosdakı canlı və cansız varlıqların yaradıcısı.

Bir çox xalqların mifologiyasında D. dulusçuluq, dəmirçilik, toxuculuq ilahı kimi, bəzilərində isə ali tanrının köməkçisi kimi çıxış edir. Məsələn, Misir ilahı Xnum dünyanı və insanları dulusçuluq kürəsində yaradır, hind ilahı Vişvakarman isə eyni zamanda xarrat, dəmirçi və toxucu kimi təsvir olunur. Lakin bir sıra miflərdə D.-lar daha mücərrəd üsullarla, məsələn, sadəcə, varlığı adlandırmaqla onu yaradırlar.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti