Reklam
Reklam

Все словари

coğrafi

yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm

Coğrafiya ilə bağlı.

Hər hansı anlayışın əvvəlində C. sözünün işlədilməsi onun coğrafiyaya aidliyinin göstəricisidir (məs.: coğrafi mühit, coğrafi sədd, coğrafi uzunluq).

Coğrafiya terminləri lüğəti

coğrafi determinizm

yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm + lat. determinare – məhdudlaşdırmaq

Coğrafi mühitin insan cəmiyyətinə həlledici təsiri haqqında konsepsiya, təlim.

Bu konsepsiyaya görə, ölkələrin və xalqların sosial-iqtisadi inkişaf səviyyəsi, ilk növbədə, onları əhatə edən coğrafi mühitdən asılıdır. C.D.-in bəzi elementləri antik müəlliflərin (Strabon, Hippokrat) əsərlərində öz əksini tapıb, lakin təlim kimi o, XVIII əsrdə formalaşıb; məsələn, fransız alimi Şarl Monteskyö hər bir ölkədə mövcud olan siyasi idarəçilik sistemini də coğrafi mühitin təsiri ilə izah edirdi. Onun fikrincə, əsl demokratiya yalnız kiçik ölkələrdə mümkündür, orta ölçülü ölkələrdə sabitlik üçün monarxizm, böyük ölkələrdə despotizm qaçılmazdır. Sonradan bu baxışlar federalizm və hakimiyyət bölgüsü kimi siyasi prinsiplərin formalaşmasında böyük rol oynayıb.

Coğrafiya terminləri lüğəti

coğrafi ekvator

yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm + lat. aequator – bərabərləşdirici, tarazlaşdırıcı

Yerin fırlanma oxuna perpendikulyar olaraq onu Şimal və Cənub yarımkürələrinə bölən xəyali dairəvi xətt.

Uzunluğu 40.076 kilometrə bərabərdir. Coğrafi enliklərin hesablanması üçün başlanğıc xətt kimi götürülür.

Coğrafiya terminləri lüğəti

coğrafi enlik

Yer səthində hər hansı nöqtənin vəziyyətini təyin edən koordinatlardan biri, ekvatorla həmin nöqtə arasındakı meridian qövsü.

C.E. ən böyük paralel çevrəsi olan ekvatordan şimala və cənuba doğru 0°-dən 90°-yə qədər hesablanır. Bir paralel üzərindəki bütün nöqtələr eyni C.E.-ə malikdir; məsələn, ekvator üzərində istənilən nöqtənin C.E.-i 0°-yə, Şimal qütbündə – 90° şimal enliyinə, Cənub qütbündə – 90° cənub enliyinə bərabərdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

coğrafi irq

Eyni növün populyasiyasının ümumi arealın bir hissəsində məskunlaşaraq bir-birindən prinsipial fərqlənməsi.

C.İ. populyasiyanın yerli coğrafi şəraitə uyğunlaşması nəticəsində əmələ gəlir. C.İ. dəyişkənliyi bir çox bitki, heyvan və insan populyasiya sistemlərində real mövcuddur.

Coğrafiya terminləri lüğəti