Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dərviş

fars. – dilənçi, fağır

Təsəvvüf cərəyanının nüma­yən­dəsi: səyyari həyat kеçirən, miskin yaşayış tərzinə malik həqiqət aşiqi; sufi şair.

Dərviş maddi mеyil və həvəslərdən uzaq, mənəvi-əxlaqi cəhətdən pak müriddir. Dərvişlər sufi şeirlərini müxtəlif məkanlarda oxumaqla sufizmin əsas təbliğatçıları olublar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dibaçə

Şərq ədəbiyyatında əsərin, yaxud külliyyatın mü­qəd­diməsi, giriş hissəsi; ön söz.

Dibaçələr bəzən nəzmlə nəsrin növbələşməsi prinsipi ilə, bəzən də qafiyələnmiş nəsrlə yazılıb və müəllifin ədəbi-nəzəri görüşləri, tərcümeyi-halı, dövrə münasibəti haqqında müəyyən təsəvvür yaradıb. M.Füzuli türkcə divanına nəsrlə yazdığı dibaçədə şairliyə hansı şəraitdə başlamasından bəhs edir, habelə bədii-fəlsəfi mühakimələr yürüdür.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dil ailəsi

Qohumluq prinsipinə əsasən qruplaşdırılan dillər.

Belə dillərin qrammatik quruluşunda, fonetik qaydalarında və leksikasında eyniliklər çox olur. Dünya dillərinin dil ailəsi prinsipləri əsasında daha geniş yayılmış bölgüsü belədir: Hind-Avropa dilləri, Hami-Sami dilləri ailəsi, Çin-Tibet dilləri ailəsi, Banti dilləri ailəsi, Qafqaz dilləri ailəsi, Ural-Altay dilləri ailəsi.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

divan

fars. divan – sənəd, sənədə aid olan

Yaxın və Orta Şərq ədəbiyyatında qafiyə və ya rədiflərinin axırıncı hərflərinə görə əlifba sırası ilə düzülmüş şeirlər məcmuəsi.

“Divan” sözünə ilk olaraq xəlifə Ömərin hakimiyyət dövrünü təsvir edən fars mənbələrində rast gəlinib. Həmin mənbələrdə bu söz “dövlət gəlirlərinin bölüşdürülməsi siyahısı”, “bu cür siyahıların saxlanıldığı yer” mənasında işlədilib. Divanda toplanan şeirlər dibaçə, qəsidələr, qəzəllər, tərcibəndtərkibbəndlər, mürəbbe, müxəmməsmüsəddəslər, saqinamələr, qitələr, rübailər və s. şəklində düzülür. Minacatnətlər sırf dini mahiyyətdə olur və adətən, divanın əvvəlində verilir. Azərbaycan ədəbiyyatında ilk divanın (fars dilində) müəllifi Qətran Təbrizi, Azərbaycan dilində isə ilk divanın müəllifi Qazi Bürhanəddindir. Bəzən tək bir janrdan ibarət divan bağlanırdı. Məhəmməd Füzuli türk, fars və ərəb dillərində yazılmış ayrıca qəsidələr divanı bağlayıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

divan ədəbiyyatı

Şərq poeziyasının mühüm bir qolu: saray ədəbiyyatına aid olan lirik poeziya nümunələri.

Divan ədəbiyyatı tarixən klassik ədəbiyyat, saray ədəbiyyatı, islam ədəbiyyatı, məhəbbət ədəbiyyatı da adlandırılıb. Bu ədəbiyyatın nümunələri, əsasən, fars dilində yazılıb. Divan ədəbiyyatı ilk dəfə  XI əsrdə meydana gəlib. İlk divan müəllifi İran şairi Məhəmməd Övfi hesab olunur. Divan ədəbiyyatının həm dünyəvi, həm də dini qolları vardır. Dini qola aid divan­ların ideya-mövzu qaynaqlarını Quran ayələri, hədislər, dini elmlər, təfsirlər, kəlamlar, fiqh, islam tarixi, təsəvvüf, Şərq mifologiyası, peyğəmbər və övliyalar haqqında hekayələr təşkil edir. Dünyəvi qola aid divanların ideya-mövzu qay­naqları  məhəbbət, fəlsəfə, tibb, musiqi, nücum və s. ilə bağlı olur. Azərbaycan ədəbiyyatında divan ədəbiyyatının əsas nümayəndələri Qətran Təbrizi, Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və b. olub.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti