Ədəbi dildə işlənməyən, yalnız müəyyən bölgələrdə istifadə olunan sözlər.
Nümunə: zir (nəlbəki), gəvəzə (çoxdanışan), nəki (çiyələk), girdakan (qoz), dönəlgə (bəxt, tale), hələs (süzgəc), həmküf (qohum), silim (nərdivan), vəç (son, nəticə), singil (bacanaq) və s. Dialekt sözləri bədii əsərdə kolorit yaratmağa xidmət edir. Dialekt sözlərindən istifadə etməklə yazıçı obrazın xarakterini, dünyagörüşünü, hansı bölgədən olduğunu daha qabarıq səciyyələndirə bilir. Məsələn, C.Cabbarlının “1905-ci ildə” əsərində Әmiraslan bəyin işlətdiyi “nöşün”, “nöüt” kimi sözlər bu obrazın bakılı olduğunu, M.İbrahimovun “Kəndçi qızı” pyesində baş qəhrəmanın işlətdiyi “gəlitdi, geitdi” sözləri isə onun şəkili olduğunu göstərir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti