fars. divan – sənəd, sənədə aid olan
Yaxın və Orta Şərq ədəbiyyatında qafiyə və ya rədiflərinin axırıncı hərflərinə görə əlifba sırası ilə düzülmüş şeirlər məcmuəsi.
“Divan” sözünə ilk olaraq xəlifə Ömərin hakimiyyət dövrünü təsvir edən fars mənbələrində rast gəlinib. Həmin mənbələrdə bu söz “dövlət gəlirlərinin bölüşdürülməsi siyahısı”, “bu cür siyahıların saxlanıldığı yer” mənasında işlədilib. Divanda toplanan şeirlər dibaçə, qəsidələr, qəzəllər, tərcibənd və tərkibbəndlər, mürəbbe, müxəmməs və müsəddəslər, saqinamələr, qitələr, rübailər və s. şəklində düzülür. Minacat və nətlər sırf dini mahiyyətdə olur və adətən, divanın əvvəlində verilir. Azərbaycan ədəbiyyatında ilk divanın (fars dilində) müəllifi Qətran Təbrizi, Azərbaycan dilində isə ilk divanın müəllifi Qazi Bürhanəddindir. Bəzən tək bir janrdan ibarət divan bağlanırdı. Məhəmməd Füzuli türk, fars və ərəb dillərində yazılmış ayrıca qəsidələr divanı bağlayıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti