ər. saqi – məclisdə şərab paylayan + fars. namə – məktub
Klassik Şərq, eləcə də Azərbaycan poeziyasında saqiyə xitabən yazılan lirik şeir.
Saqinamələr, adətən, qəzəl, qəsidə və digər janrlarda yazılır. Şərq poeziyasında bir çox poemalar proloq mahiyyəti daşıyan saqinamə ilə başlayır.
XII əsrdən etibarən fars, ərəb və türkdilli ədəbiyyatda saqinamələrə geniş təsadüf edilir. Onların әksәriyyәtindә nikbin ruh, hәyata bağlılıq, әsl hәyatı bu dünyada axtarmaq meyli güclüdür. Adətən, saqinamələr ayrı-ayrı məsnəvilərin əvvəllərində verilir. Anadilli şeirimizdə saqinamənin klassik nümunələri ən çox Füzuliyə aiddir.
Saqi, mədəd et ki, dərdməndəm!
Ğəm silsiləsinə payibəndəm.
Ğəm dəfinə cami-mey dəvadı.
Tədbiri-ğəm eyləmək rəvadır.
Səndən nə inayət olsa vaqe,
Fikr etmə ki, məndə ola zaye.
Mən bir sədəfəm, sən əbri-niysan,
Ver qətrəvü, al dürri-ğəltan.
Saqinamələrdə mey, şərab, badə, saqi ifadələri real məna deyil, daha çox simvolik xarakter daşıyır. Bu obrazlar təsəvvüf fəlsəfəsi ilə əlaqədar konkret mənalara malikdir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti