Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

konstruktivizm

lat. constructio – qarşıdurma, mübarizə

1920-ci illərdə Rusiyada meydana çıxmış estetik istiqamət, bədii üslub.

K. incəsənətin müxtəlif sahələrini – ədəbiyyatı, memarlığı, rəssamlığı əhatə edirdi. Konstruktivistlərin əsərlərində əsas mövzu mükəmməl texniki konstruksiyalar, sənaye nailiyyətləri idi. Poeziyada K. dil və üsluba nəsr elementlərinin gətirilməsi, peşə leksikası və jarqona müraciət, lirik emosiyalardan imtina ilə müşayiət olunurdu. K.-in əsas nümayəndələri A.Pevsner, N.Qabo, Kazimir Maleviç olublar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kontaminasiya

lat. contaminatio – toxunma, yerdəyişmə

1. Mətnşünaslıq metodu: əsərin ilkin, tam variantını bərpa etmək məqsədilə onun bir neçə redaksiyasının (nəşrinin, əlyazmasının) birgə nəzərdən keçirilməsi.

Daha çox klassik əsərlərin, folklor nümunələrinin mükəmməl variantını yaratmaq üçün tətbiq edilir. Tədqiqatçılar fərqli bölgələrdən eyni əsərin (məs.: nağılın) müxtəlif versiyalarını topladıqdan sonra K. edib bütövləşdirirlər.

2. Bir ədəbi əsərin süjetinə və surətlər sisteminə aid müəyyən ünsürün başqa əsərə nüfuz etməsi.

Nümunə: Ş.İ.Xətainin “Ayrılır” qəzəlində İ.Nəsiminin eyniadlı qəzəlinin ilk misrası və bəzi ifadələri olduğu kimi işlənib:

Ey müsəlmanlar, mədəd ol, yari-pünhan ayrılır,

Ağlamayım neyləyim, çün gövdədən can ayrılır. (İ.Nəsimi)

Ey müsǝlmanlar, bu gün ol yari-pünhan ayrılır,

Uçdu ruhim, getdi ǝqlim, gövdǝdǝn can ayrılır. (Ş.İ.Xətai)

3. İki və daha artıq söz, yaxud ifadənin tərkib hissələrinin birləşdirilməsi yolu ilə yaradılan yeni söz və ya ifadə.

Leksik K. mürəkkəb söz, frazeoloji birləşmələr səviyyəsində baş verir. Məsələn, eyni mənaya malik “rol oynayır” və “əhəmiyyət kəsb edir” ifadələrinin elementləri birləşərək “rol kəsb edir” kimi işlənir. K. bədii əsərlərdə bəzən komik effekt yaratmaq məqsədilə istifadə edilir. Məs.: “At oğurlanandan sonra axur nəyə gərək”, “At olmayan yerdə eşşək də atdır” atalar sözlərindən K. edib belə bir atalar sözü yaratmaq olar: “At oğurlanandan sonra eşşək də atdır”. Satirik ədəbiyyatda müəlliflər iki sözün K.-sı yolu ilə kinayə və istehza dolu yeni sözlər də yaradırlar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

konyektur

lat. conjectura – güman, təxmin

Qədim əlyazmanın itmiş və ya xarab olmuş hissələrinin, lakunaların bərpası metodu.

Bu cür əlyazma mətnlərinin bərpası zamanı kontekst, qrammatik qaydalar, müvafiq dövrün leksikası, əgər söhbət mənzum mətndən gedirsə, vəzn və qafiyə nəzərə alınır. Daş, gil, dəri üzərində həkk olunmuş bir çox tarixi əhəmiyyətə malik mətnlərin bərpasında da K. metodları tətbiq edilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kosmoqonik əfsanələr

Astral təsəvvürlər, səma cisimləri və bürclərlə bağlı əfsanələr.

K.Ə. bu janrın ən qədim nümunələrindəndir. Həmin əfsanələrdə xalqın kosmoqonik təsəvvürləri, səma cisimləri ilə bağlı görüşləri, eləcə də ayrı-ayrı bürclər, insan xarakterinin və taleyinin həmin bürclərlə bağlılığı əks olunur. Bu əfsanələrdə çox zaman səma cisimləri personifikasiyaya uğrayır. Məsələn, “Günəşlə Ay” əfsanəsində Ay oğlan, Günəş qız şəklində təsvir olunur, onların bir-birinə vurulması, bir inciklik üzündən Ayın Günəşdən ayrı düşməsi öz əksini tapır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kosmoqonik miflər

Dünyanın yaradılışı, xaosun içindən kosmosun yaranması haqqında əsatirlər.

K.M.-də xaosun bitməsindən, Yer üzərində qayda-qanunun bərqərar olmasından, həyatın yaranmasından bəhs edilir. Bu miflərin əsas motivlərini Yerin və Göyün, gecə və gündüzün, işıq və zülmətin bir-birindən ayrılması, kosmik məkanın və zamanın bərqərar olması, səma cisimlərinin meydana gəlməsi, bitki və heyvanların yaranması təşkil edir. Yaradılış, bir qayda olaraq, insanların peyda olması, Yaradanın yaratdığı kainatı və bəşəriyyəti tərk etməsi, mifoloji zamanın (ilkin yaradılış zamanı) tarixi zamana keçməsi ilə tamamlanır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti