Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kontaminasiya

lat. contaminatio – toxunma, yerdəyişmə

1. Mətnşünaslıq metodu: əsərin ilkin, tam variantını bərpa etmək məqsədilə onun bir neçə redaksiyasının (nəşrinin, əlyazmasının) birgə nəzərdən keçirilməsi.

Daha çox klassik əsərlərin, folklor nümunələrinin mükəmməl variantını yaratmaq üçün tətbiq edilir. Tədqiqatçılar fərqli bölgələrdən eyni əsərin (məs.: nağılın) müxtəlif versiyalarını topladıqdan sonra K. edib bütövləşdirirlər.

2. Bir ədəbi əsərin süjetinə və surətlər sisteminə aid müəyyən ünsürün başqa əsərə nüfuz etməsi.

Nümunə: Ş.İ.Xətainin “Ayrılır” qəzəlində İ.Nəsiminin eyniadlı qəzəlinin ilk misrası və bəzi ifadələri olduğu kimi işlənib:

Ey müsəlmanlar, mədəd ol, yari-pünhan ayrılır,

Ağlamayım neyləyim, çün gövdədən can ayrılır. (İ.Nəsimi)

Ey müsǝlmanlar, bu gün ol yari-pünhan ayrılır,

Uçdu ruhim, getdi ǝqlim, gövdǝdǝn can ayrılır. (Ş.İ.Xətai)

3. İki və daha artıq söz, yaxud ifadənin tərkib hissələrinin birləşdirilməsi yolu ilə yaradılan yeni söz və ya ifadə.

Leksik K. mürəkkəb söz, frazeoloji birləşmələr səviyyəsində baş verir. Məsələn, eyni mənaya malik “rol oynayır” və “əhəmiyyət kəsb edir” ifadələrinin elementləri birləşərək “rol kəsb edir” kimi işlənir. K. bədii əsərlərdə bəzən komik effekt yaratmaq məqsədilə istifadə edilir. Məs.: “At oğurlanandan sonra axur nəyə gərək”, “At olmayan yerdə eşşək də atdır” atalar sözlərindən K. edib belə bir atalar sözü yaratmaq olar: “At oğurlanandan sonra eşşək də atdır”. Satirik ədəbiyyatda müəlliflər iki sözün K.-sı yolu ilə kinayə və istehza dolu yeni sözlər də yaradırlar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti