Reklam
Reklam

Tarix terminləri lüğəti

xəzərlər

lat. Chazari

Hunların yürüşündən (IV əsr) az sonra Şərqi Avropada tarixi səhnəyə çıxmış türk xalqı.

X.-in endoetnonimi olan “xəzər” sözünün etimologiyası dəqiq müəyyənləşməyib. Bu terminin “köçəri”, “minlik”, “əzmək” anlamı verməsi haqda müxtəlif rəylər var. X.-in mənşəyi də müəmmalı olaraq qalır. Onların uyğurlar, onoqurlar, sabirlər və digər türk xalqlarından törəməsi barədə entimallar irəli sürülür. İlk öncə Qərbi Xəzəryanı çöllərdə, Sulak çayı (Şimali Dağıstan) ilə Volqanın aşağı axarları arasındakı ərazidə məskunlaşmış X. VII əsrədək bir-birini əvəzləyən müxtəlif türk imperiyalarının tərkibində asılı vəziyyətdə olublar. VII əsrin ortalarında Qərbi Türk xaqanlığının süqutundan sonra isə onlar ön plana çıxaraq qüdrətli Xəzər xaqanlığının (650–969) əsasını qoyublar. Xəzər xaqanlığı Volqaboyundan və Qazaxıstanın şimal-qərbindən tutmuş Dnepr çayına kimi (Krım da daxil olmaqla) geniş əraziləri əhatə edib. Şərqi slavyan tayfalarının əksəriyyəti həmin dövrdə X.-dən asılı vəziyyətə düşüb. IX əsrin əvvəlində X. iudaizmi qəbul ediblər. X.-in dili türk dillərinin bulqar qrupuna mənsub olub. Hazırda bu, ölü dildir. Xəzər xaqanlığının süqutundan sonra X. digər türk xalqları ilə qaynayıb-qarışıblar.

Tarix terminləri lüğəti