Reklam
Reklam

Tarix terminləri lüğəti

hunlar

lat. Hunni

E.ə. III əsrdə təşəkkül tapmış köçəri türk tayfa birliyi.

Həmin dövrdə Böyük Hun imperiyasının sərhədləri Baykaldan Tibetə, Orta Asiyadan Xuanxeyədək uzanıb. Məhz H.-ın yürüşlərindən qorunmaq məqsədilə Böyük Çin səddi inşa olunub. E.ə. I əsrdə Böyük Hun imperiyası Şərqi və Qərbi Hun dövlətlərinə parçalanıb. Qərbi H. Orta Asiyada məskunlaşıblar. Eramızın II əsrindən başlayaraq onlar Ural və Şərqi Avropa ərazilərinə yürüşlər ediblər. H.-ın Avropaya kütləvi miqrasiyası isə IV əsrin 70-ci illərində başlayıb, bununla da Xalqların böyük köçünün əsası qoyulub. V əsrin əvvəllərində H. Volqa çayından Reyn çayına kimi uzanan Hun dövlətini yaradıblar. Attilanın (434–453) dönəmində bu dövlət öz qüdrətinin zirvəsinə çatıb. Onun ölümündən sonra isə H. tənəzzül dövrünə qədəm qoyublar. Onlar avarlar, bulqarlar və digər tayfalara qarışaraq tarixi səhnədən çıxıblar. H.-ın qalıqları bir çox türk xalqlarının, o cümlədən azərbaycanlıların etnogenezində iştirak ediblər.

Tarix terminləri lüğəti