Reklam
Reklam

Tarix terminləri lüğəti

sabirlər

Eramızın II əsrindən Xəzər dənizinin şimal-qərb sahillərində məskunlaşmış türk tayfaları.

S.-in əvvəllər Sibirdə (İrtış çayı boyunda) yaşadıqları ehtimal olunur. Bu tayfalar haqqında ilk dəfə Ptolemey (II əsrdə) məlumat verib. Erkən orta əsrlərə aid Bizans qaynaqlarında tez-tez onların adı çəkilir. Həmin dövrdə S. artıq Şimali Qafqazda ciddi hərbi qüvvəyə çevriliblər. Tarixi mənbələr III əsrdən başlayaraq S.-in (bəzi mənbələrdə – savirlər, suvarlar) mütəmadi olaraq Cənubi Qafqaz və Ön Asiyaya yürüşlər etdiklərini göstərir. 503-cü ildə Dərbənd keçidindən Azərbaycana daxil olan S. Albaniyanın şimal hissəsini və Şərqi Gürcüstanı tutaraq beş il burada qalıblar. Az sonra onlar gah İran, gah da Bizansın tərəfində Cənubi Qafqaz uğrunda gedən döyüşlərdə iştirak ediblər. VI əsrin ortalarında avarlara məğlub olan S.-in bir hissəsi Kür çayı hövzəsində məskunlaşaraq azərbaycanlıların etnogenezində müəyyən rol oynayıblar. Bu terminin etimologiyası dəqiq müəyyənləşməyib. Bəzi tədqiqatçılar S. etnoniminin əski türk dilində “itaətkar tayfa” anlamını verdiyini, digərləri isə İran mənşəli olduğunu göstərir. Sonuncuların fikrincə, “sabir” sözü fars dilindəki “süvar/səvar” (“atlı, süvari”) sözündən yaranıb.

Tarix terminləri lüğəti