Reklam
Reklam

Tarix terminləri lüğəti

mədəni inqilab

1. 1966–1976-cı illərdə Çində Mao Tszedunun şəxsi təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı siyasi-ideoloji kampaniya.

“Kapitalizmin restavrasiyasına”, “daxili və xarici təftişçiliyə” qarşı mübarizə pərdəsi altında M.İ. dövründə siyasi müxalifətin zərərsizləşdirilməsi və hakimiyyətin Mao Tszedunun əlində cəmləşdirilməsi prosesi baş verib. İlkin mərhələdə M.İ.-ın hərəkətverici qüvvəsi məktəbli və tələbələrdən təşkil edilmiş xunveybin və gənc fəhlələrdən ibarət tszaofan dəstələri olub. Onlar ordunun dəstəyi ilə partiya komitələrində, nazirliklərdə, müəssisələrdə, elm, təhsil və mədəniyyət idarələrində kütləvi “təmizləmələr” aparıblar. “Təmizləmələr”in gedişində on minlərlə insan repressiyaya məruz qalıb. M.İ.-ın pik nöqtəsi 1969-cu ilə təsadüf edib; bu böyük kampaniya çərçivəsində repressiyalar yalnız 1976-cı ildə Mao Tszedunun ölümündən sonra dayandırılıb.

2. SSRİ-də ideologiya və mədəniyyət sahəsində sosialist inqilabı; sənayeləşmə və kollektivləşmə ilə yanaşı, sosializm quruculuğu planının tərkib hissəsi.

Bu termini ilk dəfə 1923-cü ildə V.Lenin işlədib. XX əsrin 20–30-cu illərini əhatə edən M.İ.-ın nəzəriyyəsinə görə, bütövlükdə mədəniyyət iki yerə bölünüb: mütərəqqi sosialist və mürtəce burjua. Birinci inkişaf etdirildiyi halda, ikinci məhvə məhkum olunub. M.İ. ziddiyyətli xarakter daşıyıb: bir tərəfdən savadsızlığın kütləvi ləğvinə səy göstərilib, icbari təhsilə keçid baş verib, yeni məktəblər, kitabxanalar, muzeylər açılıb; digər tərəfdən isə görkəmli ziyalılar – alimlər, yazıçılar, bəstəkarlar, filosoflar ölkədən sürgün olunub, həbsxanalara atılıb, dinlə mübarizə pərdəsi altında qədim abidələr, kitablar, əlyazmalar məhv edilib, çoxəsrlik yazı mədəniyyətinə malik xalqların yazı sistemləri zorla kiril əlifbası ilə əvəzlənib.

Tarix terminləri lüğəti