İslamın sünnilik cərəyanının XVIII əsrin sonlarında Ərəbistan yarımadasının mərkəzi hissəsində formalaşmış qolu.
Bu təlim onun yaradıcısı Məhəmməd ibn Əbdül Vahabın (1703–1787) adı ilə tanınıb. Təlimin əsasında vahid Allaha inam durur. V. tərəfdarlarının fikrincə, müsəlmanlar yalnız bütün varidatın yaradıcısı olan Allaha sitayiş etməli olduqları halda, düzgün yoldan sapıblar. İslamın erkən dövr “paklığına” qayıdışı əsas məqsəd hesab edən V. sonradan müsəlman dininə gətirilmiş “yeniliklərin” (müxtəlif müqəddəslərə pərəstiş, dərvişlik və s.) əleyhinə çıxaraq onları küfr hesab edib, islamaqədərki inanclara qarşı amansız mübarizə aparıb, cihada xüsusi əhəmiyyət verib. Siyasi baxımdan V. Ərəbistan yarımadasındakı tayfaların və xırda hakimliklərin vahid dövlətdə birləşdirilməsinə səy göstərib. XIX əsrin başlanğıcına yaxın vəhhabilər bu məqsədlərinə nail olublar: demək olar ki, bütün Ərəbistan yarımadasının ərazisi vahid dövlətdə birləşdirilib. Onun bir müddət sonra süqut etməsinə baxmayaraq, 1932-ci ildə V. ideyalarının daşıyıcısı olan Səud sülaləsi Səudiyyə Ərəbistanı dövlətinin əsasını qoyub. Hazırda V. Səudiyyə Ərəbistanında dövlət dini sayılır. Son dövrlər bu ölkənin siyasi və maliyyə dəstəyi ilə V. dünyanın bir çox bölgələrində, o cümlədən postsovet məkanında da yayılıb.
Tarix terminləri lüğəti