İnsan irqlərinin fiziki və əqli baxımdan qeyri-bərabərliyi ideyasına əsaslanan mürtəce, elmi əsaslara söykənməyən baxışlar sistemi.
İ.-in praktikada tətbiqi özünü irqi ayrı-seçkilik (diskriminasiya) siyasətində büruzə verir. 1930-cu illərdə bir sıra Avropa ölkələrinin lüğətlərində İ. “bir irqin digərindən üstünlüyünə əsaslanan sistem” kimi şərh olunurdu. Hazırda isə bu termin daha geniş anlamda işlədilir. Belə ki, İ. dedikdə konkret fərdin xarakteri, mənəviyyatı, istedad və bacarığı, davranış xüsusiyyətlərinin formalaşmasında irqi mənsubiyyətin həlledici rola malik olduğunu iddia edən baxışlar sistemi başa düşülür. İ.-in təzahürləri hələ quldarlıq dövründə özünü göstərib, lakin Avropa ölkələrinin müstəmləkəçilik ekspansiyası ilə (XVI–XVII əsrlər) əlaqədar o, xüsusi “nəzəriyyə” forması alıb. “Elmi İ.”in banisi XIX əsr fransız tarixçisi J.Qobino sayılır. XX əsrdə İ. faşizmin timsalında ən eybəcər şəkil alıb. Həmin əsrin II yarısında isə İ.-in formalarından biri olan aparteid uzun müddət Cənubi Afrika Respublikasında hökmranlıq edib.
Tarix terminləri lüğəti