lat. Germani
E.ə. I əsrdə Baltik və Şimal dənizləri ilə Reyn çayının aşağı axarı, Dunay və Visla çayları arasında, eləcə də Skandinaviyanın cənubunda məskunlaşmış hind-Avropa mənşəli tayfalar qrupu.
G. etnonimi Tunc dövründən başlayaraq Xalqların böyük köçünün sonuna kimi həmin ərazidə yaşamış və əsasən, german dillərində danışan tayfaların ümumi adı kimi işlənir. Terminin mənşəyi dəqiq deyil. Tarixi mənbələrdə ona ilk dəfə e.ə. I əsrin ortalarında rast gəlinir. Qədim yunan tarixçisi Strabon hesab edir ki, romalılar həmin tayfaları «germani» (latınca – “həqiqi”, “əsl”) adlandırmaqla onları oxşar həyat tərzinə malik keltlərdən fərqləndirməyə çalışıblar. Müasir tədqiqatçılar isə «germani» sözünün kelt dilindən mənimsənildiyini bildirirlər. Roma imperiyasının süqutunda yaxından iştirak etmiş G. VII əsrə kimi miqrasiyalar prosesində digər xalqlarla qaynayıb-qarışaraq bir çox müasir Avropa millətlərinin (alman, holland, flamand, Danimarka, İsveç, Norveç və s.) formalaşmasında mühüm rol oynayıblar.
Tarix terminləri lüğəti