lat. Celtae, yun. Keltói
E.ə. I minillikdə Qərbi və Mərkəzi Avropada geniş ərazilərdə yaşamış, dil və mədəniyyətcə bir-birinə yaxın olan hind-Avropa mənşəli tayfalar qrupu.
Bu tayfalar kelt dillərində danışıblar. Yunanlar onları “keltlər”, romalılar isə “qallar” adlandırıblar. E.ə. I minilliyin II yarısında K.-in hərbi fəallığı, demək olar ki, bütün Avropa ərazisini əhatə edib. Lakin daxili çəkişmələr K.-in zəifləməsinə və eramızın əvvəlindən etibarən cənubdan romalılar, şərqdən isə germanlar tərəfindən şimala doğru sıxışdırılmasına gətirib çıxarıb. Eramızın I əsrində həmin tayfaların əksəriyyətini romalılar ram ediblər. Bundan sonra K. yaşadıqları ölkələrin əhalisi, ilk növbədə, roman xalqları ilə qaynayıb-qarışıblar. Müasir dövrdə kelt etnik elementlərinə İrlandiyadə, Böyük Britaniyanın bəzi bölgələrində (Şotlandiya və Uelsdə) və Fransanın şimalında (Bretonda) rast gəlmək olur.
Tarix terminləri lüğəti