Əsas məna ilə yanaşı ona yaxın əlavə, törəmə mənalarda işlənə bilən söz.
Sözün çoxmənalılığı, əsasən, dildə onun məcazi mənasının sabitləşməsi ilə yaranır. Sözün məcazi və həqiqi (ilkin, əsas) mənaları arasında məna bağlılığı olur. Azərbaycan dilində çoxmənalılıq feil, isim və sifətlərdə daha çox müşahidə olunur. Bədən üzvlərini bildirən əksər sözlər çoxmənalıdır: insanın qolu (həqiqi məna), çayın qolu (məcazi məna). Azərbaycan dilindəki sadə feillərin də əksəriyyəti çoxmənalıdır: qapını açmaq (həqiqi məna), sirri açmaq (məcazi məna). Çoxmənalı sözlər yaxın leksik mənalı olduğu üçün həmişə eyni nitq hissəsinə aid olur: göz, ayaq, yatmaq, dil, baş, mülayim, atmaq və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞeirdə misra daxilindəki sözlərin yaratdığı qafiyə.
Daxili qafiyəyə daha çox misradaxili bölgü ilə müşayiət olunan şeirlərdə rast gəlinir. Qəzəl janrında, eləcə də aşıq şeirində bu cür nümunələr kifayət qədərdir; məs.:
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? (M.Füzuli)
Daxili qafiyə şeirin ahəngdarlığını və ritmikasını artıran vasitələrdən biridir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii əsərdə personajın daxili psixoloji vəziyyətini əks etdirən, onun özünə yönələn nitq.
Daxili monoloqda qəhrəmanın düşüncələri, həyəcanı, tərəddüdləri və s. öz əksini tapır. Personaj bu prosesdə öz-özünə götür-qoy edir, “ürəyində” danışır, sevinir, təsəlli tapır, peşman olur, qəmlənir və s. Daxili monoloq obrazın mənəvi-psixoloji portretini yaratmaq, xarakteri açmaq üçün ən çox istifadə olunan bədii üsullardan biridir və əsərin bədii üslubunu müəyyənləşdirən bir ünsür kimi çıxış edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDanışarkən tələffüz etdiyimiz səslər.
Danışıq səsləri danışıq üzvləri vasitəsilə yaranır. Dilimizdə m, n samitləri burun, qalan səslər isə ağız səsləridir. Dilimizdə 34 danışıq səsi var. Danışıq səsləri öz ifadəsini yazıda hərflərdə tapır. Hərf danışıq səsinin yazıdakı şərti qrafik işarəsidir. İki səsin – [x`] və [k`] səslərinin xüsusi hərflə işarəsi olmadığı üçün əlifbamızda 32 hərf var. Tələffüz zamanı ağız boşluğunda maneənin olub-olmamağına görə danışıq səsləri iki yerə bölünür: sait səslər, samit səslər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDanışıq səslərinin əmələ gəlməsi və tələffüzü prosesində iştirak edən bədən üzvləri.
Danışıq üzvləri iki yerə ayrılır: 1) fəal danışıq üzvləri (dil, dodaqlar, səs telləri); 2) qeyri-fəal danışıq üzvləri (ağciyərlər, nəfəs borusu, qırtlaq, burun boşluğu, ağız boşluğu, dişlər).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAşıq yaradıcılığında həcmcə ən böyük epik-lirik janr.
Dastana ədəbiyyatşünaslıqda epos da deyilir. Dastanda nəsr və nəzmlə yazılmış mətnlər növbələşir. Nəsr hissəsində aşıq, əsasən, əhvalat və hadisələri danışır, nəzm hissəsində isə qəhrəmanların hiss və duyğuları əks olunur. Dastanların nəzm hissəsi, əsasən, qoşma və gəraylılardan ibarətdir. Dastanların özünəməxsus bədii quruluşu olur. Məhəbbət dastanlarının əvvəlində, adətən, üç ustadnamə deyilir. Çox zaman dastan danışan aşıq dinləyicinin diqqətini cəlb etmək üçün qaravəlli adlanan satirik, yumoristik əhvalat danışır. Nikbin sonluqla bitən dastanların finalında duvaqqapma, bədbin sonluqla bitənlərdə isə cahannamə verilir. Ədəbiyyatımızda “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Aşıq Qərib”, “Şah İsmayıl” kimi dastanlar geniş yayılıb.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAşıqların xüsusi şənliklərdə bütöv bir dastanı əvvəldən axıra kimi ifa etməsi.
Sənətşünaslar bəzən dastan məclisini “tək oyunçu tamaşası” kimi də səciyyələndirirlər. Dastan məclisi ustadnamələrlə başlayıb duvaqqapma ilə bitirdi. Dastan məclisində daha çox püxtələşmiş ustad aşıqlar iştirak edirdilər. Onlar ifa zamanı çox zaman improvizasiya edirdilər. Bu da Azərbaycan dastanlarının get-gedə kamilləşməsinə səbəb olur, çoxvariantlılığa gətirib çıxarırdı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMürəkkəb sözlərin tərkib hissələri, rəqəmlə şəkilçi arasında, sətirdən-sətrə keçirmədə və s. hallarda istifadə olunan üfüqi qısa xətt şəklində işarə (-).
Mürəkkəb sözlərin tərkib hissələri arasında defis işarəsi aşağıdakı hallarda qoyulur: 1) eyni sözün təkrarı ilə əmələ gəldikdə: asta-asta, yavaş-yavaş və s.; 2) yaxınmənalı sözlərin köməyi ilə yarandıqda: dost-tanış, toz-torpaq, künc-bucaq və s.; 3) əksmənalı sözlərin köməyi ilə yarandıqda: gecə-gündüz, gec-tez və s.; 4) tərkib hissələrindən biri ayrılıqda işlənə bilməyəndə: sür-sümük, kağız-kuğuz, çör-çöp və s.; 5) izafət tərkibləri şəklində olan mürəkkəb sözlərdə: tərzi-hərəkət, nöqteyi-nəzər, tərcümeyi-hal və s.; 6) müəyyən coğrafi adların tərkibində: Kosta-Rika, Şri-Lanka, Nyu-York və s.; 7) qeyri sözünün iştirakı ilə düzələn mürəkkəb sifətlərdə: qeyri-adi, qeyri-müəyyən və s. Defis işarəsi bir sıra hallarda imla qaydalarının tələbi ilə də istifadə olunur: 1) sətirdən-sətrə keçirmədə: gözlə-yir, saxla-yır və s.; 2) ayrıca yazılan şəkilçidən əvvəl: -dan2, -çı4 və s.; 3) sıra saylarında rəqəmlə şəkilçi arasında: 10-cu, 1-ci.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. declamare – ucadan danışmaq
Şeir və nəsr əsərlərini, dram və ya faciənin seçmə parçasını bədii söyləmə məharəti.
Deklamasiyanın şərtləri sırasına əsərin vəznini və təqtilərini düzgün təyin etmək, həyəcan, riqqət, təəccüb və s. hisləri məharətlə vermək daxildir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiing. detective – xəfiyyə > detect – açmaq, faş etmək > lat. detectus – açıq
Müəmmalı cinayətlərin açılmasından, xəfiyyə və casusların macəralarından bəhs edən əsər.
Detektiv əsər kəskin süjetə malik olur. Bu əsərlər əksər hallarda cinayətin baş verməsi ilə başlayır və xoşbəxt sonluqla – xəfiyyənin cani üzərində qələbəsi ilə bitir. Müəllif ilk epizodlardan oxucunu intizarda saxlamağa çalışır. Süjet elə qurulur ki, oxucu əsərboyu gah bu, gah da digər surətin cani olduğunu düşünür. Sonluq isə tamamilə gözlənilməz olur. Çox zaman bir yazıçının qələminə məxsus detektiv əsərlərin bir ümumi qəhrəmanı olur ki, bu obraz məşhurlaşaraq müəllifin adını kölgədə qoyur; məs.: Şerlok Holms (Artur Konan Doyl), Erkül Puaro (Aqata Kristi), Komissar Meqre (Jorj Simenon), Dronqo (Çingiz Abdullayev) və b. Əsərlərdə xəfiyyə-kriminalist rolunda çıxış edən bu obrazları oxucuya sevdirən əsas xüsusiyyətlər peşəkarlıq, dərin məntiqi təfəkkür, əlbəyaxa döyüş bacarığıdır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMacəra ədəbiyyatının bir qolu: detektiv əsərlərin məcmusu.
Dünya detektiv ədəbiyyatının ilk nümayəndəsi ABŞ yazıçısı Edqar Po (“Morq küçəsində qətl” novellası) sayılır. İlk detektiv romanı isə ingilis yazıçısı Uilki Kollinz (“Ay daşı”) yazıb. Lakin dünya detektiv ədəbiyyatında ən məşhur ad Artur Konan Doyl və onun qəhrəmanı Şerlok Holmsdur. Azərbaycan ədəbiyyatında detektiv ədəbiyyatın ilk nümunələrini (“Brilyant məsələsi”, “Qara “Volqa” romanları) Cəmşid Əmirov yaradıb. Rus dilində yazan Azərbaycan yazıçısı Çingiz Abdullayevin onlarla detektiv əsəri bir çox dillərə tərcümə olunub və bestsellerə çevrilib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti