Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nairə

Klassik şeirdə qafiyə elementi olaraq məziddən sonra yerləşən hərf.

Nümunə:

Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən,

Əlindən gələn xeyri fəriğ etmə gədalərdən.

Beytdəki qafiyə yaradan binəvagəda sözlərinin sonunda olan “a” hərfi rəvi, ondan sonra gələn “l” samiti vəsl, “r” samiti xüruc, “d” samiti məzid, sonuncu “n” hərfi isə N.-dir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

natural məktəb

Rus ədəbiyyatında tənqidi realizmin başlanğıc dövrünün şərti adı.

1840-cı illərdə N.V.Qoqolun yaradıcılığının təsiri altında yaranıb. N.M.-ə Turgenev, Dostoyevski, Qonçarov, Nekrasov, Dal, Çernışevski, Saltıkov-Şedrin və b. aid edilir. N.M. termini ilk dəfə Faddey Bulqarin tərəfindən “Şimal arısı” qəzetində Qoqol ardıcıllarının yaradıcılığına verilən saymazyana xarakteristika kimi işlədilib. Lakin V.Belinskinin “1846-cı il rus ədəbiyyatına nəzər” məqaləsində polemikaya cəlb edilərək başqa cür mənalandırılıb: “natural”, yəni gerçəkliyin təbii, tam dürüst təsviri.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

neoromantizm

yun. neo – yeni + fr. romantisme

XIX əsrin sonu – XX əsrin əvvəllərində realizmə və naturalizmə qarşı reaksiya olaraq yaranmış ədəbi cərəyan.

Bu cərəyanı XIX əsrin 1-ci yarısında mövcud olmuş romantizm ruhunun dirçəlməsi kimi də izah etmək olar. Lakin bununla yanaşı, neoromantik ədəbiyyatda modern ünsürlər də özünü göstərirdi. Ona görə də bəzən N.-i modernizmin ilkin mərhələsi kimi təqdim edənlər də var. N.-in formalaşmasına Nitsşe və Şopenhauerin fəlsəfəsi təkan verdi. Bu ədəbi istiqaməti səciyyələndirən əsas cəhət yeni qəhrəman – güclü xarakterə malik şəxsiyyət idi. Bu baxımdan N. çox məhsuldar və uzunsürən bir cərəyan oldu. “Ovod”un (E.L.Voyniç), “Martin İden”in (C.London), eləcə də J.Vernin, K.Doylun, H.İbsenin, K.Hamsunun əsərlərinin əsas obrazları bu günə qədər oxucuların sevimli qəhrəmanlarıdır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nəfəs

Anadolu şiələrinin dini məclislərdə oxuduğu mənzum əsər.

N.-lər, əsasən, heca, bəzən də əruz vəznində yazılır, sazla oxunur. Heca vəznində olanların hər bəndi 4 misralı, hər misrası isə 7, 8 və ya 11 hecalı olur.

Dərvişlik ulu dərnəktir,

Görənə böyük örnəktir.

Yönsüz, yaxasız köynəktir,

Geyəməzsən demədimmi?

Pir Sultan, Əli şahımız,

Haqqa ulaşır ahımız.

On iki imam qatarımız,

Uyamazsın demədimmi? (Pir Sultan Abdal)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nəqəratlı gəraylı

Beşmisralı və hər bəndində son iki misranın nəqərat formasında təkrar işləndiyi gəraylı.

Belə gəraylılar, adətən, xüsusi aşıq havaları şəklində oxunur. Qafiyə quruluşu a.a.a.b.b, c.c.c.b.b, d.d.d.b.b şəklində olur.

Arpa çayı aşdı, daşdı,

Sel Saranı aldı qaşdı,

Sara gözəl, qələm qaşdı,

Apardı sellər Saranı,

Bir ala gözlü balanı...

Gedin deyin Xan Çobana,

Gəlməsin bu il Muğana,

Muğan batıb nahaq qana,

Apardı sellər Saranı,

Bir ala gözlü balanı.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nəqəratlı qoşma

Hər bəndinin sonunda iki misradan ibarət nəqəratın verildiyi qoşma şəkli.

Nümunə:

Güftkus nab Üçqovaq, Padar,

Hazır mayəhacı içində bazar,

Kimdir əvvəl yazıb sonradan pozar,

Kim ki qadir olsa, olunmaz eyab,

Versin bir cavab,

Nuş edək şərab...

...Turab çeşmimdə, dilimdə səsdir,

Gözəllərin eşqi məndə həvəsdir.

Mələkballı Qurban, bu söhbət bəsdir,

Çox söyləmə, gözümüzə gəldi xab.

İstəsən səvab,

Gətir rəxti-xab. (Mələkballı Qurban)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti