Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

heca

Nəzmlə yazılmış əsərlərdə ritm vahidi.

Heca vəznli poetik nümunələrdə ritm misralarda hecaların bərabər sayı, əruz vəznində isə uzun və qısa hecaların növbələşməsi hesabına yaranır. Rus və Avropa ədəbiyyatına xas olan sillabik-tonik vəznli şeirdə isə ritmi yaradan vurğulu və vurğusuz hecaların müəyyən qaydaya uyğun ardıcıllığıdır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

heca vəzni

Misralarda hecaların bərabər sayına və durğuların eyniliyinə əsaslanan şeir vəzni.

H.V. türk poeziyasına xas olan ən qədim və doğma vəzndir. Oynaq, yüngül, ahəngdar şeir ölçüsüdür. H.V.-nə xalq arasında barmaq vəzni və ya barmaq hesabı da deyilir. Azərbaycan şifahi və yazılı şeir nümunələrində misrası 2 hecalıdan başlayaraq 16 hecalıya qədər olan şeir şəkillərinə rast gəlirik. Şifahi xalq ədəbiyyatımıza aid bütün nəzm əsərləri H.V.-ndədir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

hekzametr

yun. hex – altı + metron – ölçü

Antik yunan şeirində altıbölgülü tonik vəzn növü.

Hər misrası altı daktil stopasından ibarət olur. Sezura çox zaman üçüncü stopanın 1-ci və 2-ci hecaları arasına düşür. Homerin “İliada” əsəri H.-lə yazılıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

hermenevtika

yunan ilahı Hermesin adından

Mətnin şərhi, təhlili prinsiplərindən bəhs edən ədəbiyyatşünaslıq sahəsi, fəlsəfi nəzəriyyə.

H. araşdırmaçıları “mətn hansı mənanı ifadə edir?” yox, “bu mətnlə müəllif nə demək istəmişdir?” sualına cavab tapmağa çalışırlar. Qədim yunan mifologiyasına görə, ticarət ilahı Hermesin əsas vəzifəsi Olimp ilahlarının əmr və qərarlarını insanlara çatdırmaq, bu göstərişlərin mahiyyətini onlara izah etmək idi. Beləliklə, Hermesin adı ilə bağlı olan H. elminin kökləri antik dövrə gedib çıxır. Hələ o dövrdə miflərin, ədəbi əsərlərin, ritorik mətnlərin şərhi metodologiyası işlənib-hazırlanmışdı. Daha sonra xristianların müqəddəs kitabı olan “Bibliya”nın şərhi ilə bağlı bu elm sahəsi daha da inkişaf etdi. Müasir H.-nın banisi isə alman alimi F.Şleyermaxer (1768–1834) sayılır. Onun “Dialektika”, “Tənqid”, “Hermenevtika” əsərlərində bu nəzəriyyənin əsasları şərh olunur. Şərqdə bu termin geniş yayılmasa da, “Qurani-Kərim”in şərhi üzrə çoxsaylı araşdırmaları islam mütəfəkkirlərinin H.-nın inkişafına verdikləri bir töhfə kimi qiymətləndirmək olar. Geniş mənada H. filoloji metodlara əsaslanaraq ədəbi-tarixi faktları, mətnlə müəllifin şəxsiyyəti arasındakı əlaqəni öyrənən elm sahəsidir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

heydəri

Qoşmabayatının sintezindən yaranan lirik şeir janrı, cığalı qoşma.

Adətən, yeddi bəndə qədər olur. Hər bəndi on misradan ibarət olur, belə ki, qoşmanın hər bəndinə altımisralıq bayatı artırılır. Bayatı hissəsi cinas sözlərlə qafiyələnir: a.a.b.a.c.a. Son bəndində şairin adı, təxəllüsü verilir. Cənubi Azərbaycan poeziyasında Əndəlib Qaracadaği H. janrının gözəl nümunələrini yaradıb:

Sanei-qüdrətdən siyəb xalların,

Arizində nə zindanə duşübdür.

Birisi həbəşdir, birisi hindu,

Bəd əməllər xoş məkanə düşübdür.

Əzizim, nə məkani,

Dehqanın nəm əkani,

Eşqinin avarəsi,

Nə yeri, nə məkani?

Aşiq ilən əvvəldən

Yediyin nəmək hani?..

                 ***

... Şöleyi-ahimdən tutuşdu aləm,

Nə səbəbdən sənə yetmədi naləm?

Əndəlibəm, şükr eylərəm dəmadəm,

Həsrət gözüm gülüstanə düşübdür.

Əzizim, gülüstani,

Oxudum “Gülüstan”i,

Gülşəni-hüsnün görən

İstəməz gülüstani.

Səndə olan lətafət

Bax gör, gül üstə hani?

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

həcv

Bir şəxsə, ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı yönəldilmiş kəskin satirik şeir.

H.-də şair qarşılaşdığı ədalətsizlikləri kinayə ilə tənqid edir. Belə şeirlərdə bəzən şəxsi motivlər üstün olur. H.-lərdə qeyri-etik, vulqar, kobud sözlərdən istifadə edilir. H.-lər qəsidə, qoşma, məsnəvi, müxəmməs şəkillərində də olur. Ədəbiyyatımızda Q.Zakir, S.Ə.Şirvani, A.Ələsgər və b. H.-lər yazıblar.

Niqtə gəl bülbüli-təbim ki, əcəb halətdir,

Qıl təkəllüm ki, çəkim nəzmə düri-qəltani.

Tazə işlər görünür sahəti-Şirvan içrə,

Özgə ayinü rəvişdə görürəm dövrani.

Xəlqi bidin eləyib gör necə bəylik həvəsi,

Tərk edib axirəti, cümlə tutub dünyani.

Cümlə biqeyrətü bihümmət olub xəlqi-cahan.

Cümləsi cifə üçün badə verib iymani.

Cəm olur on iki adəm ki, filani bəydir,

And içirlər qoyuban ortalığa Qurani.

Biri bəy olmaq üçün on ikisı kafər olur,

Tutar axır olan həm qəzəbi-rəbbani.

Bunların başçısı məlum çopur Əhməd bəydir,

Nəsli-insanda əcəbdir görürəm şeytani.

Ələ düşməz belə mərdudi-əzazilsurət,

Zahir eylər bu köpək aləm-ara Mərvani.

O qədər var təməi, molladan artıq həqqa,

And içər ovcuna bassan bir uduş həlvani... (S.Ə.Şirvani)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

hədiqətüs-süəda

Kərbəla hadisələrindən, islam tarixinin başqa faciəvi məqamlarından bəhs edən əsər.

Şiəlikdə şəbih tamaşalarında bu əsərlərdəki süjetlərdən istifadə edilir. M.Füzuli Məhəmməd peyğəmbərin, onun qızı Fatimənin, əmisi oğlu və kürəkəni Әlinin ölümündən, Kərbəla hadisələrindən bəhs edən “Hədiqətüs-süəda” (“Şəhidlər bağçası”) adlı əsər yazıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

həkəm

Ədəbi məclislərdə fikir ayrılığı və ya mübahisəni həll edən, əsərlərə qiymət verən şəxs.

H.-lər şairlərin eyni mövzu və ya formada yazılmış əsərlərini müqayisə edib qiymətləndirirdilər. Sonda isə ən yaxşısını seçirdilər. S.Ə.Şirvani Şuşadakı “Məclisi-fəramuşan” ədəbi məclisi üçün həkəmlik edib.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti