Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ədəbi məclis

Bədii zövqü, dünyagörüşü, yaradıcılığı baxı­mından yaxın olan sənətkarların şeir məclisi; ədəbi dərnək.

Ədəbi məclislər hələ antik dövrdə mövcud olub. Orta əsrlərdə Avropada “akademiya”, “salon”, “loja” adları ilə bir sıra ədəbi dərnəklər fəaliyyət göstərib. Onlardan fransız yazıçılarının “Parnas” ədəbi qrupu və ya Rusiyada yaranmış “Arzamas” dərnəyinin dünya ədəbiyyatı tarixində xüsusi yeri vardır. Şərqdə belə məclislərə, adətən, məliküş-şüəralar, dövrün məşhur sənətkarları rəhbərlik edirdi. Ədəbi məclisdə şairlər öz yeni əsərlərini oxuyur, şeir gecələri, deyişmələr keçirir, klassiklərin və müasirlərin əsərlərini birlikdə müzakirə edirdilər. Tiflisdə “Divani-hikmət”ə Mirzə Şəfi, Şuşada “Məclisi-üns”ə  X.Natəvan, “Məclisi-xamuşan”a M.M.Nəvvab, Şamaxıda “Beytüs-Səfa”ya S.Ә.Şirvani, Ordubadda “Әncü­məni-şüəra”ya M.Sidqi başçılıq edirdi.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti