Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

gəliş

Pyeslərdə pərdələr daxilində işlənən şəkil, hissə.

Dra­maturq, adətən, yeni surətlərin və ya əhvalatların səhnəyə gətirilməsi üçün pərdə daxilində kompozisiya vasitəsi yaradır. Məsələn, C.Cabbarlının “Almaz”, “Sevil” əsərlərində pərdəiçi gəlişlərdən istifadə edilib. Gəliş kompozisiya, konfliktsüjetin inkişaf xəttinə yardım funksiyası daşıyır. 

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

gəraylı

etimologiyası musiqi aləti kərənay ilə əlaqələn­dirilir

Hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan şeir şəkli.

Müxtəlif mövzularda olan gəraylı qoşmadan misralardakı heca sayına görə fərqlənir. Əsasən, aşıq ədəbiyyatına məxsus olsa da, yazılı ədəbiyyatda da rast gəlinir. Gəraylı 3-5 bənddən ibarət olur. Qafiyə şəkli belədir: a.b.c.b, ç.ç.ç.b, d.d.d.b. Dodaqdəyməz gəraylı, sallama gəraylı, nəqəratlı gəraylı kimi növləri vardır. Gəraylının son bəndində şair öz adını və ya təxəllüsünü işlədir. Bu bəndə “möhür bəndi” və ya “tapşırma bəndi” də deyilir. Məsələn:

Xəstə Qasım qalıb naçar,

Bu sirri bəs kimlər açar?

Gələn qonar, qonan köçər,

Hey salarsan talan dünya.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

gözəlləmə

Aşıq yaradıcılığında geniş yayılmış lirik şeir şəkli; el gözəllərinin tərənnümünə həsr olunan şeir (əsasən, qoşma və ya müxəmməs).

Gözəlləmələr həm dastan daxilində, həm də müstəqil əsər kimi ifa edilir. Bir çox gözəlləmələr konkret qadınlara, qızlara həsr edildiyindən burada onların adları çəkilir, haqqında məlumat verilir; məs.:

Sübhün çağı mah camalın görəndə

Xəstə könlüm gəldi saza, Müşkünaz!

Sonatək silkinib gərdən çəkəndə

Bənzəyirsən quba-qaza, Müşkünaz! (Aşıq Ələsgər)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

gündəlik

Həyatda baş verən hadisələri müəyyən xronoloji ardıcıllıqla əks etdirən əsər.

Xatirə və ya memuar janrlarına yaxın yazı formasıdır. Gündəlik formasında yazılan əsərlər iki cür olur: ya yazıçı şəxsən iştirak etdiyi hadisələri ardıcıl surətdə yazır, ya da əsər yazıçının qəhrəmanı tərəfindən yazılan gündəlik şəklində qurulur. İ.Şıxlının “Cəbhə gün­də­likləri” povesti yazıçının şahidi olduğu hadisələr əsasında yazılıb. Türkiyə yazıçısı Rəşad Nurinin “Çalıquşu” romanı baş qəhrəman Fəridənin (Çalıquşunun) gündəliyi əsasında yazılıb. Bəzən əsərin yalnız bir hissəsi gündəlik formasında yazılır. Məsələn, D.Defonun “Robinzon Kruzo” əsərində kimsəsiz adaya düşmüş qəhrəmanın başına gələnlər və düşüncələri onun gündəliyi şəklində qələmə alınır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

güzəşt bağlayıcıları

Tabeli mürəkkəb cümlənin tərkibində işlənən bağlayıcılar: hərçənd, hərçənd ki.

Nümunə: Hər­çənd hər şeylə təmin olunmuşdu, yenə də gərgin işləyirdi.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

geminasiya

lat. geminatio > geminare – qoşalaşdırma

Üslubi fiqur: eyni nitq vahidinin bir misra və ya cümlənin əvvəlində, ortasında və ya sonunda ardıcıl olaraq təkrarlanması.

G. təkririn bir növüdür. Nümunə: Tez ol, tez ol, gedək qəzetə xəbər verək. (M.Cəlal)

Yüzün bərgü-güli-tərdir, güli-tər!

Boyun sərvi-sənubərdir, sənubər! (İ.Nəsimi)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

gəraylı-rübai

Yalnız bir bənddən ibarət gəraylı növü.

Aşıq yaradıcılığında çox az istifadə olunub.

Evmizə ozan gəlibdir,

Pərgarı pozan gəlibdir.

Gündüzlər olan işləri

Gecələr yazan gəlibdir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

giriz

Qəsidənin giriş hissəsi, əsas fikrə gəlmək üçün zəmin hazırlayan əvvəlki cümlələr.

Burada şairin təbiət, məhəbbət, əxlaq, təlim-tərbiyə və s. mövzularda mülahizələrindən, müşahidələrindən bəhs edilir. Qəsidənin mədhiyyə növündə tərif hissəsinə keçidi təşkil edən beytə və ya beytlərə də G. deyilir. G.-lər əksər hallarda qəsidənin ümumi ruhuna uyğunlaşdırılır. Digər janrlarda da G.-lərə rast gəlinir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti