Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ekspozisiya

lat. expositio – təsvir, ifadə etmək

Bədii əsərdə süjetin əsas komponentlərindən biri: əsas hadisəyə və ya düyünə (zavyazkaya) qədərki hissə.

Ekspozisiyada yazıçı əsas hadisəyə keçməzdən əvvəl həmin hadisənin başvermə şəraiti, onu törədən səbəblər və ya əsas surətlər haqqında məlumat verir. Bununla da hadisələrin necə cərəyan edəcəyinə, sonrakı inkişafına işarə edilir. S.Vurğunun “Vaqif” pyesinin əvvəlində Vidadinin namaz zamanı dua etməsi, Cavad xanın elçilərinin gəlməsi və Vidadinin onlara rədd cavabı verməsi, Vaqiflə Vidadinin görüşməsi və s. hissələr əsərin ekspozisiyasını təşkil edir. Bəzi əsərlərdə eks­pozisiya çox yığcam, bəzilərində isə geniş olur. Eks­po­zi­siyanın digər adı bədii müqəddimə və ya bədii zəmindir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

elan

Bildiriş, xəbər, məlumat ehtiva edən əməli yazı.

Elanın anons, reklam, afişa, bildiriş və s. kimi formaları da var. Elanda aşağıdakılar qeyd olunmalıdır:

1) məlumatın mahiyyəti, məzmunu;

2) tədbirin vaxtı, saatı;

3) tədbirin keçiriləcəyi yer, ünvan;

4) məlumatın kim tərəfindən verilməsi.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

elmi fantastika

Elmi-fantastik əsərlərin məcmusu; elmi-fantastik əsər tipi.

Elmi fantastikanı ədəbi janr və ya bədii əsər tipi hesab edənlər var. Elmi fantastika bəşəriyyətin gələcəyi haqqında söz deməyə cəhd edir. Dünya ədə­biy­yatında elmi fantastikanın ən görkəmli nümayəndələri Jül Vern, Rey Bredberi, Herbert Uels, Aleksandr Belyayev, Ayzek Əzimovdur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

elmi üslub

Məntiqilik, ardıcıllıq, dəqiqlik və konkretliyi ilə seçilən, elmi əsərlərin dilinə xas olan funksional üslub.

Monoqrafiyaların, dərsliklərin, elmin müxtəlif sahələrinə aid məqalələrin və s.-nin dili elmi üsluba aiddir. Milli-elmi təfəkkürün ifadəsi olan elmi üslubda ancaq bu üslub üçün xarakterik olan sözlər – terminlər işlənir. Hər elmin özünə­məxsus terminologiyası var. Elmi üslubda fikri daha yığcam, daha konkret ifadə etmək üçün müxtəlif qrafik informasiya və vasitələrdən – rəqəm, diaqram, düstur və s.-dən istifadə olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

epik

yun. epos – hekayə, mahnı

Eposa aid olan, epos xüsu­siyyətli, təhkiyə üsulu ilə yazılmış.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

epiqraf

yun. epigraphe – yazı

Əsərin və ya onun hissələrinin əvvəlində başlıqdan sonra yazılan, adətən, aforistik xarakter daşıyan cümlə(lər).

Epiqraf müəllifin özünə və ya digər söz ustalarına aid ola bilər. Epiqraf ifadə etdiyi məna baxımından oxucunun diqqətini əvvəlcədən əsərin ümumi məzmun və ideyasına yönəldir. Mir Cəlalın “Bir gəncin manifesti” ro­ma­nında ayrı-ayrı hissələrdə müxtəlif  sənətkarlardan epi­q­raflar verilib; məs.: “Təhqir” adlı I hissədə: Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir (L.Tolstoy). Epiqraf ithaf şəklində də ola bilər. Məsələn, Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsi “Qoqol, Allah sənə rəhmət eləsin” epiqrafı ilə başlayır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

epiloq

yun. epi – son, sonra + logos – söz

Əsərin sonunda verilən nisbətən müstəqil, yekun hissə; final, sonluq, xitamə.

Epiloqda əsərboyu qaldırılan məsələlər yekunlaşdırılır və ya personajların əsas hadisələrdən sonrakı taleyi haqqında qısa məlumat verilir. Dram əsərlərində (xüsusilə Şekspirin, Brextin dramlarında) bu, baş qəhrəmanın əsərdə baş verən hadisələrə münasibəti və ya rəqslə müşayiət olunan xor mahnısı şəklində təzahür edir. M.Füzulinin “Leyli və Məcnun” poemasının sonunda “Təmamiyi-süxən” başlığı altında verdiyi hissəni epiloq hesab etmək olar. C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” povestini “Xitamə” adlı hissə ilə yekunlaşdırır ki, bu sözü “epiloq” termininin sinonimi kimi qəbul etmək olar. Proloq kimi epiloq da, əsasən, irihəcmli əsərlər: poema, povestromanlar üçün xarakterikdir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti