Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

didaktik ədəbiyyat

Əxlaqi dəyərlərin, nəsihətamiz fikirlərin üstünlük təşkil etdiyi bədii ədəbiyyat.

Nəzm və ya nəsrlə yazılır. Dünya ədəbiyyatında forma, həcm və janr etibarilə müxtəlif nümunələrinə rast gəlmək mümkündür. Ezopun təmsillərini D.Ə.-ın ilk nümunələri hesab etmək olar. “Qabusnamə”, “Kəlilə və Dimnə”, N.Tusinin “Əxlaqi-Nasiri”, Sədi Şirazinin “Gülüstan” və “Bustan” əsərləri Şərqin ən məşhur D.Ə. nümunələridir. Bu əsərlərdə çox zaman nəzm və nəsr, mühakimə və nəqli xarakterli mətnlər növbələşir. Müəllif nəsihətamiz fikri həyatda gördüyü bir hadisə və ya rəvayətlə əsaslandırır. Qərbdə D.Ə.-ın ən məşhur nümayəndələri M.Monten, B.Qrasian, N.Makiavelli, D.Karnegi, Azərbaycan ədəbiyyatında isə Q.Zakir, A.Bakıxanov, S.Ә.Şirvani, M.Ә.Sabirdir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dildönməz

Oxunarkən dilin sabit vəziyyətdə qalmasını tələb edən aşıq şeir forması.

Aşıq poeziyasının çox az yayılmış ən çətin şəkillərindən biridir. Bu şeir formasında sözlər elə seçilir ki, oradakı səslər dilin fəal iştirakını tələb etmir. Formal ünsürlərə diqqətin köklənməsi D.-də fikrin şeir dili ilə ifadəsində çətinlik yaradır:

Gözüm sağı, səhər çağı,

Geyək ağı, gəzək bağı,

Hamı sevib bu sayağı,

Qaymağa, həm yağa bax, bax. (Aşıq Ələsgər)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dodaqdəyməz

Aşıq şeirinin azişlənən, çətin şəkillərindən biri: tərkibində qoşa dodaq (b, p, m), eləcə də diş və dodaq (v, f) samitlərinin iştirak etmədiyi qoşma və ya təcnis.

D. şəklinin ən mahir ustadlarından biri Aşıq Әləsgərdir. O öz D.-lərində nəinki dodaq samitlərini, bəzən hətta dodaqlanan saitləri də işlətmir:

Ələsgər də еşq içində qaladı,

Şirin canın ataşına qaladı.

Ər iyidin canı gеtsə, qala adı,

Nakəslərin dəhr içində nə də adı!

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

dövrəvi qafiyə

Qafiyə növlərindən biri: dördmisralıq bəndlərdə 1-ci və 4-cü misraların qafiyələnməsi.

Bu cür şeirlərdə bəzən 2-ci və 3-cü misralar da öz aralarında qafiyələnir. D.Q. təşkil edən sözlərdən sonra rədif də işlənə bilər:

Məgər səndən çoxmu umacağım var?

Bircə nəfəsini nəbzimdə duyum.

Sənin ağ üzünə üzümü qoyum,

Bilim ki, ən xoşbəxt ülvi çağım var”. (X.R.Ulutürk)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti