slav. земъ – torpaq, döşəmə
1864-cü il zemstvo islahatı nəticəsində Rusiyanın Avropa hissəsinin bəzi quberniyalarında yaradılan seçkili yerli özünüidarə orqanları.
Yüksək əmlak senzi Z.-lara yalnız yuxarı zümrə nümayəndələrinin (zadəganların, burjuaziyanın, tacirlərin, ruhanilərin və b.) seçilməsinə imkan verib. Çar hökuməti Z.-da liberal ünsürlərin nüfuz qazanacağından ehtiyatlanaraq onun səlahiyyətlərini yalnız təsərrüfat məsələləri ilə məhdudlaşdırıb. Dövlətdən heç bir maliyyə yardımı almayan Z. yalnız ərazisindəki daşınmaz əmlaka qoyulan vergilər hesabına fəaliyyət göstərməli olub. Bununla belə, hökumət sonralar Z.-ların onsuz da məhdud səlahiyyətlərini və gəlir mənbələrini daha dar çərçivəyə almağa çalışıb. Eyni zamanda 1890-cı ildə Z.-ların fəaliyyətinə nəzarət məqsədilə qubernatorların başçılıq etdiyi xüsusi qurum təsis olunub. Bu çətinliklərə baxmayaraq, Z.-lar yerlərdə təhsil və səhiyyənin inkişafında müəyyən uğurlar qazana biliblər. Rusiya imperiyasının müstəmləkələrində, o cümlədən Azərbaycanda Z.-lar yaradılmayıb.
Tarix terminləri lüğəti