türk. yeniçeri – yeni qoşun
Osmanlı ordusunda dövlət xəzinəsi hesabına saxlanılan nizami piyada döyüşçü.
XIV əsrin II yarısında sultan I Muradın dövründə Y.-lər sipahi və akınçılarla birlikdə Osmanlı ordusunun əsasını təşkil ediblər. İlk əvvəl Y. dəstələri əsirlərdən, sonralar isə xristian əsilli gənclərdən komplektləşdirilib. Onlar islamı qəbul edərək mükəmməl hərbi hazırlıq keçiblər və ciddi intizam ruhunda tərbiyə olunublar. Y.-lərə evlənməyə və təsərrüfatla məşğul olmağa yasaq qoyulub. Hərbi yürüşlərdə iştirak etməklə yanaşı, onlar Balkanlarda və ərəb ölkələrindəki Osmanlı qarnizonlarında mühafizə funksiyalarını da yerinə yetiriblər. Bəktaşilik dərviş ordeni ilə sıx bağlı olan Y.-lərə ağa başçılıq edib. XVI əsrin sonu – XVII əsrin əvvəlində Y. korpusunun tənəzzül dövrü başlayıb. Həmin zamandan etibarən əvvəlki qaydalara məhəl qoymayan Y.-lər ailə qurublar, ticarət və sənətkarlıqla məşğul olublar, tədricən Osmanlı sarayında daxili çəkişmələrdə alətə çevriliblər. Bu səbəbdən 1826-cı ilin iyununda sultan II Mahmud korpusun ləğvi haqqında fərman verib.
Tarix terminləri lüğəti