Reklam
Reklam

Tarix terminləri lüğəti

şəhər islahatı

1870-ci il 16 iyun “Şəhər əsasnaməsi”; Rusiyada burjua islahatlarından biri.

Bu islahat nəticəsində Rusiya imperiyasındakı şəhərlərin çoxunda 1785-ci ildən fəaliyyət göstərən silkli şəhər dumaları əvəzinə silksiz dumalar yaradılıb. Sərəncamverici orqan şəhər duması, icra orqanı isə onun seçdiyi şəhər idarəsi olub. Yalnız daşınmaz əmlaka sahib olub şəhər vergisi ödəyənlərin qlasnı (duma üzvü) seçilmək hüququ olub. Quberniya şəhərlərində duma rəisini daxili işlər naziri, qəza şəhərlərində isə qubernator vəzifəyə təsdiq edib. Rus administrasiyası Cənubi Qafqaz əhalisinin islahata hazır olmadığını bəhanə gətirərək öncə bölgədə Ş.İ.-nın keçirilməsindən imtina edib. Yalnız 1874-cü ildə Ş.İ. böyük məhdudiyyətlərlə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda tətbiq olunub. Belə ki, şəhər dumasına seçilən qeyri-xristianlar, yəni müsəlmanlar üçün xüsusi limit qoyulub. Həmin limitə görə, müsəlmanlar duma üzvlərinin yarısından çoxunu təşkil edə bilməzdi. Ş.İ. əvvəl Bakıda, sonra isə Azərbaycanın digər şəhərlərində (Gəncə, Şuşa, Şəki, Naxçıvan və Ordubadda) həyata keçirilib.

Tarix terminləri lüğəti