Baş cümlədəki nəticənin səbəbini bildirən və nə üçün? niyə? nə səbəbə? nəyə görə? nədən ötrü? suallarına cavab olan budaq cümlə.
Səbəb budaq cümləsinin iki tipi vardır: 1. Budaq cümlə baş cümlədən əvvəl işlənir, budaq cümlədə bağlayıcı söz, cümlənin sonunda isə -sa, -sə ədatı iştirak edir. Ən çox işlənən bağlayıcı sözlər necə, nə sözləridir; məs.: Bu söz ona necə təsir edibsə, üç gündür bura gəlmir (S.Qədirzadə). Birdən nə fikirləşdisə, durub var-gəl eləməyə başladı (İ.Əfəndiyev). 2. Əvvəlcə baş cümlə, sonra bağlayıcı, daha sonra budaq cümlə gəlir. Bu zaman baş cümlədə ona görə, onun üçün, ondan ötrü sözləri iştirak edir: Yəni mən bu sözləri ondan ötrü demirəm ki, düşməndən qorxuram (C.Məmmədquluzadə). Budaq cümlə baş cümləyə ona görə ki, ondan ötrü ki, çünki, onun üçün ki bağlayıcıları ilə bağlanır: Sabah səninlə qışlağa gedə bilməyəcəyəm, ona görə ki klubda məşqimiz var (İ.Əfəndiyev).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti