Mətbuatın özünütənzimləmə mexanizminin əsas elementlərindən biri kimi kütləvi informasiya vasitələri, jurnalist birlikləri tərəfindən, bəzi hallarda digər ictimai təsisatların da iştirakı ilə yaradılan qeyri-hökumət təşkilatı.
M.Ş.-nın başlıca məqsədi medianın dövlət tənzimlənməsinin aradan qaldırıldığı, media qanunvericiliyinin liberallaşdırıldığı şəraitdə KİV-in cəmiyyət qarşısında məsuliyyətini təmin etməkdir. Bu məqsədə nail olmaq üçün M.Ş. jurnalistlərin peşə etikası prinsiplərinə əməl etməsinə nəzarəti həyata keçirir, onların həmin prinsipləri pozması halları ilə əlaqədar şikayətlərə baxır və müvafiq qərarlar çıxarır, mətbuat işçilərinin peşə hazırlığının yüksəldilməsi, söz və mətbuat azadlığından sui-istifadə hallarının qarşısının alınması üçün tədbirlər görür. M.Ş.-nın eyni zamanda söz və mətbuat azadlığının qorunması kimi mühüm funksiyası da var. Bunun üçün şuralar müvafiq hesabatlar, təkliflər hazırlayaraq səlahiyyətli orqanlara təqdim edir, dövlət təşkilatları və ictimaiyyətlə KİV arasında etimadın möhkəmləndirilməsinə çalışır, jurnalistlərin cəlb olunduqları münaqişələrin məhkəməyəqədər həlli variantlarını axtarır. M.Ş. könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Şuraya daxil olan, yaxud onun fəaliyyətini dəstəkləyən media qurumları öz üzərlərinə M.Ş.-nın qərarlarına əməl etmək kimi öhdəlik götürür. Bu öhdəliklərdən kənara çıxanlara qarşı tətbiq olunan əsas cəza növü ictimai qınaqdır. Belə şuralar dünyanın əksər ölkələrində fəaliyyət göstərir, onlar beynəlxalq şəbəkələrdə birləşərək təcrübə mübadiləsi aparır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti