Reklam
Reklam

Tarix terminləri lüğəti

çürük yerlər

XVIII əsrin sonu – XIX əsrdə Böyük Britaniyada, demək olar, əhalisiz qalmış, lakin parlamentdə öz nümayəndəliyini qoruyub saxlamış qədim kənd və şəhərciklərdən ibarət ərazilərə verilən ad.

Belə ərazilərə ingiliscə rotten boroughs (rotten – çürük + borough – kənd, şəhərcik) deyilir. Ç.Y. həmin torpaqların sahibi olan lendlordların işinə çox yarayırdı, onların məhdud sayda seçicinin səsini pul və digər üsullarla “satın alaraq” parlamentə deputat seçilməsini asanlaşdırırdı. 1831-ci ildə ingilis parlamentində 406 deputatdan 152-nin yüzdən, 88-nin isə əllidən az seçicisi var idi. Eyni zamanda Mançester, Birmingem kimi sürətlə inkişaf edən şəhərlərin tarixi bölgü sisteminə görə parlamentə öz nümayəndəsini göndərmək hüququ yox idi. 1832-ci ildə həyata keçirilən islahat nəticəsində Ç.Y.-dən 56-nın parlamentə nümayəndə göndərmək hüququ ləğv edildi, daha 30-nun təmsilçiliyi yarıbayarı azaldıldı. Boşalan yerlər 42 sənaye mərkəzi arasında bölüşdürüldü. 1867-ci ildə – 46, 1885-ci ildə isə daha – 105 Ç.Y.-in təmsilçiliyi ləğv olundu.

Tarix terminləri lüğəti