Türk-oğuz tayfalar birliyi.
Bu birliyə ona başçılıq etmiş Səlcuqun (təxminən X əsr – XI əsrin əvvəli) adı verilib. S. X əsrdə islamı qəbul ediblər. Öncə onlar Mərkəzi Asiyada, Sırdərya çayı ətrafında məskunlaşıblar, daha sonra sultan titulunu qəbul etmiş Toğrul bəyin (1038–1063) rəhbərliyi altında Xarəzmi, demək olar ki, bütün İranı, eləcə də Azərbaycanı ələ keçiriblər və Yaxın Şərqin ən qüdrətli dövlətlərindən biri olan Səlcuqilər dövlətinin (1038–1157) əsasını qoyublar. Alp Arslanın (1063–1072) dövründə S.-ın mövqeləri daha da möhkəmlənib. 1071–1081-ci illərdə Kiçik Asiyanı da ələ keçirən S. öz siyasi qüdrətlərinin zirvəsinə çatıblar. Lakin feodal pərakəndəliyi dövründə Səlcuqilər dövləti atabəylər tərəfindən idarə olunan ayrı-ayrı sultanlıqlara bölünüb. Tədricən S. ələ keçirdikləri torpaqları itirməyə başlayıblar. XIV əsrin əvvəlində onların əlində yalnız Konya sultanlığı qalıb. S. bir çox türk xalqlarının, o cümlədən azərbaycanlıların etnogenezində iştirak ediblər.
Tarix terminləri lüğəti