Reklam
Reklam

Tarix terminləri lüğəti

magistratura

lat. magistratura < magistratus – hakimiyyət, əyan, rəis

Qədim Romada yüksək dövlət vəzifələrinin məcmusu.

M. respublikanın formalaşdığı dövrdə (e.ə. VI əsrin sonu) yaranıb. Öncə M. vəzifələrini (xalq tribunlarından başqa) patrisilər tutub, e.ə. III əsrin əvvəlindən isə plebeylər də belə bir hüquq əldə ediblər. Əvəzi ödənilmədən (pulsuz) icra olunan bu vəzifələr qısamüddətli (adətən, 1 illik) və kollegial (diktator vəzifəsindən başqa) olub. Ordinar – seçkili və ekstraordinar – təyin olunan, eləcə də ali və aşağı M. vəzifələri təsis edilib. Diktatorlar, süvari dəstələrinin rəisləri və s. – ali ekstraordinar, konsullar, pretorlar, senzorlar – ali ordinar, xalq tribunları, kvestorlar və s. isə aşağı ordinar M. vəzifələri sayılıb. M. vəzifəsini icra edənlərin öz səlahiyyətləri çərçivəsində fərmanlar vermək, cərimələr təyin etmək hüququ olub.

Tarix terminləri lüğəti