lat. consules
1. Qədim Romada ali magistraturadan (dövlət vəzifəsindən) biri.
K. kollegiyası e.ə. 510–509-cu illərdə təsis olunub. Senturiya komitsiyaları öncə yalnız patrisilərdən, e.ə. 376–366-cı illərdən isə həm də plebeylərdən bir il müddətinə iki K. seçib. Ali mülki və hərbi hakimiyyətə malik bu şəxslərdən hərəsi iki legion yaradaraq onlara başçılıq edib. K.-lar həmçinin senat və komitsiyalara sədrlik ediblər. Diktatorların təyinatı da onların səlahiyyətinə daxil olub. Fövqəladə hallarda senat K.-a qeyri-məhdud hüquqlar verib. İmperiya dövründə K. real hakimiyyəti itirərək fəxri titul sahibinə çevrilib.
2. Fransada konsulluq dövründə (1799–1804) qeyri-məhdud icraedici hakimiyyətə malik üç şəxsin titulu.
Lakin həmin dövrdə real hakimiyyət birinci konsul olan və 1804-cü ildə özünü imperator elan etmiş Napoleonun əlində cəmləşib.
3. Dövlətin, onun fiziki və hüquqi şəxslərinin mənafeyini qorumaq kimi funksiyaları yerinə yetirmək məqsədilə bir ölkənin digərində daimi nümayəndə təyin etdiyi vəzifəli şəxs.
Ən yüksək dərəcəli K. baş K. adlanır. K.-un təyinatı, onun vəzifə və funksiyaları təmsilçisi olduğu dövlətin qanunvericiliyi, habelə müvafiq beynəlxalq sazişlərlə müəyyən edilir.
Həmçinin bax:
Tarix terminləri lüğəti