yun. Kadoúsioi; lat. Cadusii
Qədim dövrdə Xəzər dənizinin cənub-qərbində məskunlaşmış tayfalar qrupu.
Tədqiqatçılar K.-in Kür və Araz çaylarının aşağı axarından cənub-şərqdə, indiki Cənubi Azərbaycan ərazisindəki Qarasu və Qızılüzən çayları vadisində yaşadıqlarını göstərirlər. Bu tayfalar barədə ilk dəfə e.ə. VI əsrin sonu – V əsrin əvvəlinə aid qədim yunan qaynaqlarında məlumat verilir. Antik müəlliflər (Ksenofont, Strabon və b.) K.-in mübarizlik və döyüşkənliyini qeyd edir, onların qonşuları ilə (farslarla, midiyalılarla, albanlarla) daim müharibə apardıqlarını bildirirlər. Bununla belə, qəribə olsa da, qədim İran qaynaqlarında K. haqqında heç bir məlumata rast gəlinmir. Onların etnik mənşəyi də mübahisəlidir. Bəzi alimlər K.-i Qafqaz Albaniyası tayfalarından olan gellərlə eyniləşdirir.
Tarix terminləri lüğəti