yun. geo – Yer + yun. chronos – vaxt, zaman + yun. logos – elm, təlim
Geologiya elmində Yerin geoloji yaşının bilavasitə hesablanması və geoloji vaxtlara bölgüsü ilə məşğul olan xüsusi bölmə.
Nisbi və mütləq G.-ya bölünür. Nisbi G. stratiqrafiyaya əsaslanaraq, eyni zamanda paleontoloji üsuldan və süxur laylarının yatım ardıcıllığı prinsipindən (Steno qanunu) istifadə edərək hansı layın (laylar qrupunun) daha qədim, ya cavan olduğunu, onların nisbi yaşını müəyyən edir. Lakin nisbi G. geoxronoloji bölgülərin davamiyyəti haqqında məlumat vermir. Mütləq G. isə geokimya elminin metodlarına əsaslanaraq və elementlərin radioaktiv parçalanması qanunauyğunluqlarından istifadə edərək süxurların, geoloji dövrdə baş vermiş tektonik hadisələrin mütləq yaşını müəyyənləşdirir. Bu araşdırmalara görə, Yer qabığının ən qədim süxurlarının yaşı 3,5 mlrd. ildən artıq deyil, Yer planetinin ümumi yaşı isə 4,5-4,6 mlrd. ilə bərabərdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti