Reklam
Reklam

Tarix terminləri lüğəti

buddizm

sanskr. budda – oyanmış, fərqində olan

E.ə. VI əsrdə Hindistanda yaranmış, mənəvi oyanış və insanın özünü, dünyanı dərk etməsi üsulları haqqında dini-fəlsəfi təlim.

Təlimin əsasını e.ə VI–V əsrlərdə yaşadığı güman edilən, Budda adı ilə tanınmış hind mütəfəkkiri Siddharta Qautama qoyub. B. digər dinlərə xas olan bir çox doqmalara (dünyanın vahid qüvvə tərəfindən yaradılması, günahların bağışlanması və s.), müqəddəs yazılı mətnə malik deyil. B. hamı üçün dəyişməz olan qaydalardan yox, insana öz iç dünyasını və xarici aləmi dərk etməyi öyrədən üsullardan ibarətdir. Bu dinin mərkəzində «dörd həqiqət» haqqında təlim dayanır: iztirab, iztirabın səbəbi, iztirabdan xilas olma və xilasa doğru aparan yol. Bütün moizələr «dörd həqiqət»in izahına yönəldilir, qalanlar isə insanın özündən asılıdır. B.-də cərəyanların çox olması da qismən bununla bağlıdır. B. Çində, Tibetdə, Monqolustanda xüsusilə geniş yayılıb, Hindistanda XII əsrə yaxın hinduizmə ciddi təsir göstərərək onun içində əriyib. «Dünya dinləri» ensiklopediyasında 2010-cu ildə Yer üzündə B.-in tərəfdarlarının sayının 469 mln., Britannika ensiklopediyasında 463 mln. olduğu göstərilir. Digər mənbələrdə həmin rəqəm yarım mlrd.-dan 1,3 mlrd.-a qədər dəyişir.

Həmçinin bax:

Tarix terminləri lüğəti