yun. planetos – gəzən ulduz
Ulduz ətrafında dövr edən, yaxınlığında digər planetlərdən azad fəza olan kürəşəkilli səma cismi.
P.-lər ətrafına fırlandıqları ulduzdan gələn elektromaqnit şüalarının əks olunması hesabına işıqlanır. Günəş sistemində 8 böyük, dəqiq müəyyən edilməmiş sayda cırtdan (kiçik) P. var. Böyük P.-lər öz xüsusiyyətlərinə görə 2 qrupa bölünür: bərk örtüyə malik Yer qrupu P.-ləri – Merkuri, Venera, Yer, Mars və “qaz nəhəngləri” adlandırılan xarici P.-lər qrupu – Yupiter, Saturn, Uran, Neptun. 2006-cı ilə qədər Pluton da böyük P.-lərə aid edilirdi. Lakin həmin il Beynəlxalq Astronomiya İttifaqı “planet” və “cırtdan planet” (kiçik P.) terminlərinin yeni tərifini verdi. Bu tərifə görə, əgər göy cismi ulduz ətrafında fırlanır və təxmini də olsa sferik formaya malikdirsə, başqa P.-in peyki deyilsə, orbitini ondan asılı olmayaraq sərbəst hərəkət edən digər obyektlərdən azad edə bilirsə, “planet”, azad edə bilmirsə, “cırtdan planet” sayılır. Beləliklə, sonuncu meyara cavab verməyən Pluton da Erida, Serera, Makemake, Haumea kimi cırtdan P.-lər kateqoriyasına aid edildi. P. termininə verilən yeni tərif bəzi coğrafiyaşünaslar və astronomiya üzrə mütəxəssislər tərəfindən tənqid olunur, eyni zamanda “cırtdan planetlər”in sayı barədə də müxtəlif fərziyyələr mövcuddur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti