Reklam
Reklam

Məsəllər, deyimlər

SİAM ƏKİZLƏ

►Mәqsәd vә arzuları eyni olan, eyni cür һәrәkәt edәn çox yaxın insanlar haqqında işlәdilən ifadə.

İfadәnin yaranması XIX əsrdə Siam krallığında (indiki Tailand) doğulmuş Çanq (Çan) vә Enq (İn) qardaşlarının adı ilə bağlıdır.

Çanq və Enq Bankerlər 1811-ci ildə balıqçı ailəsində doğulublar. Sinədən birləşik olan əkizlər uzun və normal ömür yaşayıblar. İlk zamanlarda әkizlәr yalnız üz-üzə uzana bilirdilәr. Lakin böyüdükcә onları birlәşdirәn dәrini dartıb uzatmaqla yan-yana (çiyin-çiyinә) gәzmәk, hәtta yüyürmәk qabiliyyәti qazanmışdılar. Çox hәrәkәt etmәyi sevәn bu әkizlәr üzmәyi dә xoşlayırdılar. Onlar çoxlu mütaliә edib yaxşı tәhsil almışdılar.

18 yaşları olanda şotlandiyalı iş adamı onlara öz sirkində işləməyi təklif edir. Onlar Barnum sirki ilə Amerikanın vә Avropanın bir çox ölkәlәrini gәzirlәr. Daha sonra onlar öz sirklərini açmağa qərar verirlər. Müәyyәn qədәr var-dövlәt yığandan sonra onlar Şimali Karolinada mәskәn salırlar. Burada iki bacıya evlәnirlәr ki, onların iyirmi sağlam vә iki kar-lal uşaqları olur.

Amerikada gedәn vәtәndaş müharibәsi әkizlәri müflislәşdirir vә Çanq dәrddәn içmәyә başlayır. Çanq 63 yaşda sәtәlcәmdәn vәfat edir, bu zaman digәr qardaşa – Enqә təklif eləyirlәr ki, onu ölmüş qardaşından ayırmaq üçün zәruri olan cәrrahiyyә әmәliyyatına icazә versin. Lakin Enq buna razı olmur vә öz bitişik qardaşının vәfatından iki saat sonra o da ölür. Bu hadisә ilә əlaqәdar «Siam әkizlәri» ifadəsi yuxarıdakı mәnada dünyanın bir çox dillәrinә yayılmışdır.

Məsəllər, deyimlər

SOKRAT İSTEHZASI

►Hər hansı işin, mövzunun mahiyyətini dəqiq anlatmaq üçün özünü bilərəkdən sadəlövhlüyə, avamlığa vurmaq kimi davranışlara münasibətdə işlədilən ifadə.

İfadə məşhur afinalı filosof Sokratın adı ilə bağlıdır.

Sənəti daş oymaçısı olan Sokrat onu dinləmək istəyən hər kəslə fəlsəfi mövzularda söhbət edirmiş. Fikirlərini qələmə almadığından onun haqqında bildiklərimizi tələbələrinin yazdıqlarından əldə edirik. Bu tələbələrin ən görkəmlisi Platon olub. E.ə. təxminən 370-ci ildə Platon Sokratın nəzəriyyəsini anladan bir neçə oçerk yazıb. Platonun dediyinə görə, Sokratın həqiqətə çatmaq yolu belə olub: o, dinləyicilərindən hər hansı bir anlayışa (məsələn: «ədalət» və ya «yaxşılıq») tərif vermələrini xahiş edirmiş. Hamını dinlədikdən sonra yenidən suallar verməyə başlayırmış. Beləliklə, sual-cavab yolu ilə («Sokrat üsulu») bəzi ziddiyyət və uyğunsuzluqlar aradan qalxır, müzakirə predmetinə aydınlıq gətirilirmiş.

Sokrat sevdiyi daha bir üsula da tez-tez əl atırmış. O özünü bilməzliyə vurur və həmsöhbətindən nəyisə anlatmağı xahiş edirmiş. Həmin o şəxs də böyük həvəslə, Sokratın fağırcasına ona qulaq asmasından daha da cürətlənərək düşüncələrini bölüşür və özünü əhəmiyyətli birisi sanmağa başlayırmış. Sokrat isə guya deyilənləri tam başa düşmədiyi üçün həmsöhbətinə elə hey yeni-yeni suallar verirmiş. Sonda o adam çaşbaş qalaraq əvvəllər onun üçün tam aydın olan bir məsələni anlamadığını dərk etməyə başlayırmış.

İndi bir işin mahiyyətini anlamaq üçün özünü qəsdən avamlığa, bilməzliyə vurmaq Sokrat istehzası adlanır.

Məsəllər, deyimlər

SONUN BAŞLANĞICI

Hər hansı yolverilməz səhvin silsilə fəlakətlərə, ciddi itkilərə, nəticədə isə məğlubiyyətə aparacağını bildirən ifadə.

Bu məşhur ifadənin tanınmış fransız diplomatı Şarl Moris de Taleyrana (1754–1838) məxsus olduğu ehtimal edilir.

Fransa imperatoru Napoleon I Bonapartın zamanında ölkənin xarici işlər naziri olmuş Ş.Taleyran təkcə diplomatik hiyləgərlikləriylə yox, həm də işlətdiyi aforizmləri ilə məşhur olmuşdur. Belə ehtimal olunur ki, Taleyran «sonun başlanğıcı» ifadəsini 1813-cü ilin oktyabrında Leypsiq altında «Xalqlar savaşı» adlanan döyüşdən sonra işlətmişdir.

Həmin illərdə Fransanın polis naziri olmuş hersoq Jozef Fuşenin xatirələrində deyilir ki, 1813-cü ilin yayında Napoleonun nüfuzu ölkədə kəskin surətdə aşağı düşməyə başladı və kral hakimiyyətinin bərpası tərəfdarları baş qaldırdılar: «Ayrı-ayrı dairələrdə və Paris salonlarında pıçıldaşırdılar ki, bu, sonun başlanğıcıdır».

Bəzi tarixçilərin iddiasına görə, guya Taleyran həmin sözləri 1812-ci ilin payızında Fransa ordusunun Moskvadan geri çəkildiyi haqda xəbəri alanda deyib. Amma Taleyran bu ifadəni onun adına çıxdıqlarını eşidəndə əvvəl özü də təəccüblənib. Sonra isə bunu yaxşı aforizm adlandıraraq «özəlləşdirib».

Sonralar Fransa mətbuatında bu ifadə Napoleonun idarəçiliyinin ayrı-ayrı epizodları və digər döyüşləri ilə bağlı da təkrarlanmışdır. Yəni Borodino döyüşü (avqust 1812), general M.Klodun sui-qəsdi (23 oktyabr 1812), 1813-cü ilin yay kampaniyası, həmçinin «Yüz gün» (mart–iyun 1815) adlanan böhranlı dövrdə bu ifadə Napoleon hakimiyyətinin ünvanına işlədilmişdir.

Bəzi tədqiqatçıların fikrincə, heç bir halda bu aforizmi Taleyranın ayağına yazmaq olmaz, çünki ondan xeyli qabaq bu sözləri Şekspir deyib. Dahi ingilis dramaturqunun 1594–96-cı illərdə yazdığı «Yay gecəsində yuxu» komediyasının beşinci aktında dülgər Piqva qısa nitq söyləyir və tamaşaçılara üz tutaraq deyir:

– ...Baxın, bizim sonun başlanğıcına.

Müasir dövrdə hər hansı ölkədə ictimai-siyasi və iqtisadi siyasətin yanlış anlaşıldığını, proseslərin məhvə məhkum olunacağını bu deyimlə ifadə edirlər.

Məsəllər, deyimlər

SOYUQ MÜHARİBƏ

►Birbaşa konfliktdən yayınaraq düşmənçiliyi başqa təzyiq üsulları ilə davam etdirmək, silahsız, qansız, əsasən, qarşı tərəfi tənqid etməklə aparılan psixoloji müharibə haqqında işlədilən ifadə.

İfadə Britaniyanın keçmiş baş naziri U.Çörçillin adı ilə bağlı yayılmışdır.

Bütün müharibələr tez-gec başa çatır. Müharibə bir tərəfin şəksiz məğlubiyyəti və ya tam məhvi ilə sonlana bilər. Amma II Dünya müharibəsindən sonra vəziyyət tamamilə başqa idi və qalib dövlətlər olan ABŞ və SSRİ arasında siyasi-ideoloji səbəblərə görə ciddi qarşıdurma, yəni «soyuq müharibə» başlanmışdı. Britaniyanın keçmiş baş naziri U.Çörçill də özünün məşhur Fulton çıxışında bu müharibə haqqında danışmışdı.

Amerika prezidenti Harri Trumenin (1884–1972) әn yaxın silahdaşlarından olan Bernard Barux (1870–1965) da 1949-cu il aprelin 17-dә «soyuq müharibә» ifadәsini işlәtmiş və bu ifadә ilә yalnız SSRİ və ABŞ arasında yox, hәm dә, ümumiyyәtlә, müxtәlif ictimai sistemli dövlәtlәr arasındakı qarşılıqlı әlaqәlәri nәzәrdә tutmuşdu.

«Soyuq müharibə» ifadәsinin әsl müəllifi isә Amerika publisisti Uolter Lippman (1889–1974) sayılır. O, 1947-ci ildə Amerika–SSRİ qarşıdurmasından bəhs edən «Soyuq müharibə» kitabını dərc etdirdi. Əsərdə həmin ifadənin mahiyyəti bir neçə aspektdən izah olunurdu.

Məsəllər, deyimlər

SÖZ Kİ AĞIZDAN ÇIXDI, ARTIQ SƏNİN DEYİL

«Deyilən sözü geri qaytarmaq mümkün deyil» mənasında işlədilən ifadə.

İfadə Ərəb xilafəti dövründə yaşamış məşhur şair Əbu Nüvasın adı ilə bağlı yaranaraq geniş yayılmışdır.

Əbu Nüvas zəmanəsinin cəsarətli söz adamlarından biri idi və xəlifə Harun ər-Rəşidin hakimiyyəti (786–809) dövründə yazdığı həcvlərlə tanınırdı. Yaltaqlığı heç sevməyən Ə.Nüvas günlərin birində şair və saray katibi Abban əl-Laxikinin hakimiyyətə yaxın olan Barmahidlər nəslinin şəninə yaltaqcasına bir mədhiyyə yazdığından xəbər tutur. Əbu Nüvas bundan hirslənir və həmin şeirə həcvlə cavab verir. Sonra həmin həcvi Laxikinin də olduğu kiçik bir məclisdə oxuyur.

Həcv dinləyənlər arasında böyük gülüşə səbəb olur. Abban ona cavab verə bilmədiyindən pərt olur və utandığından nə edəcəyini bilmir. Ona görə Əbu Nüvasa yalvarır ki, həcvi heç kimə verməsin və yaymasın. Dinləyənlərdən də rica edir ki, bu həcv haqda danışıb onu dilə-ağıza salmasınlar. Ancaq Əbu Nüvas deyir ki, söz ki ağızdan çıxdı, artıq sənin deyil. İndi susmaqdan ötrü mənə hətta bütün dünyanı mükafat versələr, xeyri yoxdur, bu şeiri bacardıqca çox yayacam!

Hazırda dilimizdə bu deyimlə yanaşı, eyni mənada «ox yaydan çıxıb», «deyilən sözü geri qaytara bilməzsən», «ağızdan çıxan söz sənin deyil» və bu kimi ifadələr də geniş işlənir.

Məsəllər, deyimlər

SPARTA HƏYATI

►Olduqca sərt qanunlara, bərabərliyə və sadə yaşayış qaydalarına əsaslanan həyat tərzi haqqında işlədilən ifadə.

İfadə eramızdan əvvəl Qədim Yunanıstanda mövcud olmuş Sparta (latınca Lakedemon) dövlətinin formalaşmış həyat tərzindən qaynaqlanaraq yayılmışdır.

Miladdan öncə X–VIII əsrlərdə «bərabərlik olmayan yerdə nizam-intizam da olmaz» prinsipini əsas tutan Sparta hökmdarı Likurq sözün həqiqi mənasında aristokratik dövlət nümunəsi yarada bilmişdir. O, şəhərdə yeni, ədalətli və eyni zamanda sərt qanunlar tətbiq etdi. Likurq hesab edirdi ki, bütün torpaqlardan əldə edilən məhsul Sparta ailələri arasında bərabər bölünməlidir. İnsanlar arasında paxıllıq hissi yaranmasın deyə spartalılar bir yerdə, ümumi masalar arxasında eyni qidanı yeməli idilər. Uşaqlar çox sərt qayda-qanunlarla tərbiyə edilirdilər. Oğlanlar yeddi yaşından böyüklərdən ayrı hərbi düşərgələrdə yaşayır, qamışdan hörülmüş bərk çarpayılarda yatır, az yeyirdilər. Bütün günlərini fiziki məşqlərə, qılınc və nizə ilə döyüş bacarığının qazanılmasına sərf edirdilər. Burada onlar gündəlik həyatda dözümlü və qənaətcil, döyüşdə cəsur və mətin olmağa alışdırılırdılar. Bu yolla uşaqlarda iradə, səbir və dözüm tərbiyə edilirdi. Sparta həyatı keçirən və ya Sparta tərbiyəsi almış adam dedikdə çox sadə həyat tərzinə malik, məişətdə yalnız ən vacib şeylərə qane olan insanlar nəzərdə tutulur.

Çox keçmədi ki, bütün Yunanıstanda və Avropada «spartalı» sözünün özü rəmzi məna daşımağa başladı. Müasir dövrümüzdə də aza qane olan, fiziki cəhətdən güclü, bütün məhrumiyyətlərə mətinliklə sinə gərən adamları belə adlandırırlar.

Məsəllər, deyimlər