Reklam
Reklam

Məsəllər, deyimlər

SOKRAT İSTEHZASI

►Hər hansı işin, mövzunun mahiyyətini dəqiq anlatmaq üçün özünü bilərəkdən sadəlövhlüyə, avamlığa vurmaq kimi davranışlara münasibətdə işlədilən ifadə.

İfadə məşhur afinalı filosof Sokratın adı ilə bağlıdır.

Sənəti daş oymaçısı olan Sokrat onu dinləmək istəyən hər kəslə fəlsəfi mövzularda söhbət edirmiş. Fikirlərini qələmə almadığından onun haqqında bildiklərimizi tələbələrinin yazdıqlarından əldə edirik. Bu tələbələrin ən görkəmlisi Platon olub. E.ə. təxminən 370-ci ildə Platon Sokratın nəzəriyyəsini anladan bir neçə oçerk yazıb. Platonun dediyinə görə, Sokratın həqiqətə çatmaq yolu belə olub: o, dinləyicilərindən hər hansı bir anlayışa (məsələn: «ədalət» və ya «yaxşılıq») tərif vermələrini xahiş edirmiş. Hamını dinlədikdən sonra yenidən suallar verməyə başlayırmış. Beləliklə, sual-cavab yolu ilə («Sokrat üsulu») bəzi ziddiyyət və uyğunsuzluqlar aradan qalxır, müzakirə predmetinə aydınlıq gətirilirmiş.

Sokrat sevdiyi daha bir üsula da tez-tez əl atırmış. O özünü bilməzliyə vurur və həmsöhbətindən nəyisə anlatmağı xahiş edirmiş. Həmin o şəxs də böyük həvəslə, Sokratın fağırcasına ona qulaq asmasından daha da cürətlənərək düşüncələrini bölüşür və özünü əhəmiyyətli birisi sanmağa başlayırmış. Sokrat isə guya deyilənləri tam başa düşmədiyi üçün həmsöhbətinə elə hey yeni-yeni suallar verirmiş. Sonda o adam çaşbaş qalaraq əvvəllər onun üçün tam aydın olan bir məsələni anlamadığını dərk etməyə başlayırmış.

İndi bir işin mahiyyətini anlamaq üçün özünü qəsdən avamlığa, bilməzliyə vurmaq Sokrat istehzası adlanır.

Məsəllər, deyimlər