►Birinin qıcıq yaradan hərəkətlərinə qarşı hədsiz təmkin, səbir nümayiş etdirilərkən işlədilən ifadə.
İfadə «Axırıncı aşırım» filmindən (1971) qaynaqlanaraq yayılmışdır.
Həmin filmdə Abbasqulu bəy yersiz qan tökülməsinin qarşısını almaq üçün «Şura» hökuməti adından üsyançı Kərbəlayı İsmayılla danışıqlar aparmaq, silahı yerə qoymaq, kolxoza qoşulmaq təklifi ilə Qarabağlı kəndinə gəlir. Lakin Kərbəlayı onun gəliş səbəbini bildiyindən təkidlə bu görüşdən yayınır. Abbasqulu bəylə bağlı Kərbəlayı: «Mən onunla görüşsəm, ya gərək kəsdiyim duz-çörəyi tapdalayım, ya da onun sözünü yerə salmayım. Bizim aramızda kişi dostluğu olub...» – deyir.
Qaçaq-quldurun sıravi camaata əziyyət verdiyini öz gözləri ilə görən Abbasqulu bəy isə Kərbəlayı ilə görüşməkdə israrlıdır. Təkidlə soraqlaşaraq onu axtarıb-tapır. Kərbəlayının arzuolunmaz qonaqlara göstərdiyi təmkin kommunistlərin qatı düşməni olan Qəmlonu hövsələdən çıxarır. Hətta o, bir an özündən çıxaraq: «Abbasqulu bəyin nazı ilə çox oynayırıq ha, Kərbəlayi!» – deyə ona iradını da bildirir.
Deyim bugünkü danışıq dilimizdə geniş yayılıb.
Məsəllər, deyimlər►Xoşuna gəlməmək, qəzəblənmək, hirslənmək, qeyzlənmək.
İfadə «acıq» sözünün semantik dəyişməsi ilə bağlı meydana çıxmışdır.
Əslində, bu frazeoloji ifadə insan orqanizmi – konkret olaraq qədim dövrlərdə «acıq» adlandırılmış ciyərlərlə bağlıdır. Sadəcə dilin tarixi inkişafı prosesindә bu söz tədricən konkretlikdən çıxaraq ümumiləşmiş, getdikcə məcazi mәna almaqla məlum ifadənin yaranmasına gətirib çıxarmışdır.
Mövcud mənbələrə görə, qədim dövrlәrdә «acıq» sözü vahid məna daşıyaraq insan orqanizmində konkret orqanların – ağciyәr və qaraciyərin adını bildirmişdi. Sonralar bu söz hәmin orqanların funksiyaları ilə bağlı insanda yaranan ruhi-psixi halları da (hiddәt, kәdәr, əsəb, qəzәb, qeyz vә s.) ifadə etmәyә başlamışdır. Belәliklә, «acığı tutmaq», әslindә, ciyәrlərdə gedən prosesi və ya onlara hansısa formada tәsir göstәrmәyi bildirmək məqsədilə işlənmişdir.
Elmi təbabət də təsdiq edir ki, insanın ciyәrindә baş verәn hər hansı ciddi fizioloji dәyişiklik orqanizmin digәr üzvlərinin funksiyasının (dodaqların çatlaması, gözlərin hədsiz qızarması, nәfәs daralması, tıncıxma vә s.) da müəyyən dərəcədə dəyişməsinə sәbәb olur. Bütün bunlar müasir dövrdә «acığı tutmaq» ilә әlaqәlәndirilir.
Məsəllər, deyimlər►Aclığın insanı hər cür davranışa, o cümlədən hiyləyə əl atmağa, yalan söyləməyə belə vadar etdiyini bildirən ifadə.
İfadə xalq arasında dolaşan maraqlı rəvayətdən qaynaqlanmışdır.
Həmin rəvayətə görə, şeytan acından ölmək dərəcəsinə çatmış bir yoxsul adama dinindən dönmək, imanından əl çəkmək müqabilində bol yemək təklif edir. Ac adam fikirləşmədən dərhal bu şərtə razı olur, lakin qarnını doydurub özünə gəldikdən sonra şeytana deyir:
− Mənim dindən dönməyim hesaba alınmır, çünki ac vaxtımda imanımdan dönməyə söz vermişəm, axı acın imanı olmaz. Buna görə də mən bir az əvvəl ac vaxtımda olmayan imanımdan necə əl çəkə bilərdim?
Xalq arasında çox zaman bu məsəl «acda iman olmaz, toxda aman», «acın Allahı olmaz» formalarında da işlədilir.
Məsəllər, deyimlər►Mәşhurlaşmaq, tanınmaq, şöhrətlənmək, yaxşı işi ilə fərqlənmək, cəmiyyətdə ad-san qazanmaq, müəyyən mənsəbə çatmaq.
İfadәnin ilkin mәnası xalq adətləri ilə bağlı yaranmışdır.
Qədim xalq adәtinә görә, gәnclәr yalnız müəyyәn şücaət göstәrdikdәn sonra ad sahibi ola bilәrdilәr; mәsәlәn, «Kitabi-Dədә Qorqud» dastanında göstərilir ki, «ol zamanda bir oğlan baş kәsmәsә, qan tökmәsә, ad qoymazlardı». Eposda göstərilir ki, qәhrәmanlıq göstәrәn gənclәrә yalnız Qorqud ata (nüfuzlu ağsaqqalın advermә hüququnun olması bir sıra başqa xalqların dastanlarında da öz əksini tapmışdır − red.) ad qoyur; məsələn, Dirsə xanın hələ ad almamış on beş yaşlı oğlu zəhmli buğanı öldürür. Dәdә Qorqud Dirsә xana deyir: «Bayandır xanın ağ meydanında bu oğlan cәng etmişdir. Bir buğa öldürmüşdür. Sәnin oğlunun adı Buğac (xan) olsun. Adını mәn verdim, yaşını Allah versin».
Şәrqdә vә Avropada geniş yayılmış inanca görə, qәdim insanlarda ad, bir növ, insanın özü vә ya ruhu һesab olunurdu. Nağıl vә әfsanәlәrdә qәһrәmanların bәzәn öz adını gizlәtmәsi, rәqibә demәmәsi bununla әlaqәdardır.
Dilimizdə «ad qazanmaq» deyiminə sinonim olan «ad almaq», «ad çıxarmaq», həmçinin «ad vermәk», «ad qoymaq» vә bu kimi ifadәlәr də geniş işlәnmәkdәdir.
Məsəllər, deyimlər►İş bitmədən, göstərilən fəaliyyətin konkret nəticəsi olmadan icraçıya pul ödənilməsinin doğru olmadığını bildirən ifadə.
İfadə baş rolda Rəşid Behbudovun oynadığı məşhur «Bəxtiyar» filmindən (1955) qaynaqlanır.
Filmdə klub rəhbəri Ağabala mərkəzdən özfəaliyyət işlərini yoxlamağa gəlmiş komissiya qarşısında vəziyyətdən çıxmaq üçün öz qohumlarına peşəkar artistləri cəlb etmək tapşırığı verir. Onlar da öz növbələrində tapşırığın öhdəsindən gəlmək üçün kontrabasçı, rəqqaslar və s. dəvət edirlər.
Xeyli komik vəziyyətlərin yaranmasına səbəb olan çıxışlar əsnasında aktyorların qonorarlarının qabaqcadan ödənildiyini bilən Ağabala qohumlarının fərsizliyini və qurduğu hiylənin baş tutmadığını görərək: «Adam da artistin pulunu əvvəldən verər?!» – deyə hiddətlənir.
Görülən hər hansı işin nəticəsini gözləmədən icraçıya pul ödənilməsinin məqsədəuyğun olmadığını bildirmək üçün işlənən ifadə bizim günlərdə də xeyli populyardır.
Məsəllər, deyimlər►Birinin qarşısındakı insanı aşağılamaq məqsədilə verdiyi düşünülməmiş, kobud suala cavab olaraq işlədilən deyim.
İfadə Yaxın Şərq ölkələrində hazırcavablığı ilə tanınmış Anastratdin xoca ilə bağlı yayılmış əhvalatdan qaynaqlanmışdır.
Həmin əhvalatda deyilir ki, bir qoşun başçısı öz ordusu ilə Anastratdin yaşayan kənddən keçirmiş. Kənd camaatı hörmət əlaməti olaraq xocanı onun pişvazına çıxıb salamlamağa göndərir. Anastratdin yanında üç-dörd ağsaqqalla birlikdə kəndə yaxınlaşan ordunun qabağına çıxır. Xoca qabağa yeriyib sərkərdəyə «xoş gəlmisiniz» deyib salamlayır. Təkəbbürlü qoşun başçısı bir qədər cılız və yöndəmsiz görünüşü olan Anastratdinə narazı-narazı baxıb üz-gözünü turşudur.
– Doğrudanmı, buranın camaatı fərli bir adam tapa bilməyib ki, məni qarşılamağa səni göndəriblər? – deyə ikrahla soruşur.
Hazırcavab Anastratdin ədəbsiz qoşun başçısının cavabını dərhal verir:
– Elədir ki var, cənab! Əlbəttə, adam var idi, amma onu adam yanına göndərdilər, məni isə sizin.
Məsəllər, deyimlər►«Qədimdən bu günədək», «bütün zamanlarda», «bəşər tarixi boyunca», «dünya yaranandan bu günә kimi» mənalarında işlədilən ifadə.
İfadə qədim dini təsəvvürlәrdən qaynaqlanaraq bu gün də geniş işlənməkdədir.
Həmin təsəvvürlərә görә, Adәm dünyada yaranmış birinci insan və ilk peyğəmbərdir. Xatәm dedikdə isә sonuncu peyğәmbәr, yəni islam dininin yaradıcısı, «xatәm-ül әnbiya» adlandırılan Mәhәmmәd peyğəmbər (570–632) nәzәrdә tutulur. İran salnaməçisi Əbu Cəfər Tәbәrinin (838–923) mәşhur «Tarix» əsərindә deyilir ki, «Tanrı-tәali Adәmә onun üçün «Adәm» adı verdi ki, onu yerin әdimindәn, yəni torpağın üst qatından yaratmışdı».
El arasında bəzən «Adəmdən qalma», yaxud «Nuh əyyamından (Nuh peyğəmbərdən) qalma» ifadələri də işlədilir ki, bunların hamısı məcazi mənada bir şeyin köhnə, vaxtı keçmiş, çox qədimdən qalma olduğunu bildirir.
Məsəllər, deyimlər►Hörməti, nüfuzu olmayan, öz çevrəsində sayılmayan, ciddi qəbul edilməyən adamlar haqqında kəskin mənfi çalarda işlədilən ifadə.
İfadə vergiyə cəlb etmək məqsədilə əhalinin siyahıya alınması, adların xüsusi dəftərə yazılması ilə bağlı yaranmışdır.
Hələ XIII əsrdə monqol hakimləri işğal etdikləri yerlərdə əhalini siyahıya alırdılar. Məqsəd əhalidən toplanan vergini tənzimləmək idi. Vergi dəftərinə iş qabiliyyəti olan bütün kişilərin adı düşürdü. Qanuna görə, qadınların, qocaların və uşaqların adları həmin dəftərə yazılmazdı. Adı siyahıya düşənlər mütləq vergi ödəməli idilər, bu səbəbdən də adın dəftərə yazılması çox pis, bəd hadisə, fəlakət sayılırdı.
Ad dəftəri tutmaq, siyahı yazmaq Azərbaycanda çar Rusiyası dövründə də tətbiq olunurdu. Əbdürrəhim bəy Haqverdiyevin «Mütrüb dəftəri» hekayəsində adamların özlərinin və uşaqlarının adlarının dəftərə düşməsindən necə əndişələndiklərindən maraqlı bədii detallarla bəhs olunur.
Beləliklə, adın dəftərə düşməsinə uğursuz bir hadisə kimi yanaşıldığından «ad dəftəri» danışıq dilində kəskin mənfi məna kəsb edərək «it dəftəri» şəklini almışdır. Adın bu dəftərə yazılması, düşməsi bir bədbəxtlikdirsə, oraya düşməməsi də daha dəhşətli bədbəxtlik idi: yəni nə qədər zəlil, zavallıdır ki, adı heç it (ad) dəftərində də yoxdur.
Məsəllər, deyimlər►Özünü intellekt sahibi, elm-bilik adamı kimi göstərən, lakin vacib məqamda adi şeyləri bilməyən şəxslər haqqında işlədilən ifadə.
İfadə M.F.Axundzadənin məşhur «Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur» pyesindən və həmin pyes əsasında çəkilmiş «Dərviş Parisi partladır» filmindən (1976) qaynaqlanır.
Hətəmxan ağanın yanında nökərlik edən Qəmbərin dilindən səslənən ifadə ədəbi materialda «adını alim qoyub, otların adını da bilmir» şəklindədir. O, Parisdən gəlmiş nəbatat alimi müsyö Jordanın otları tanımadığına heyrətlənir və ona irad tutarkən bu ifadəni işlədir.
Pyesdə və filmdə yazıq bir adam kimi təsvir olunan Qəmbər üçaylıq mollaxana dərsindən savayı heç bir təhsil görməyib, amma qabı tamamilə boş da deyil. O, üstündə gəzdiyi torpağı, təbiəti, otları, xüsusən dərman bitkilərini yaxşı tanıyır. Odur ki Qəmbər «Firəngistan»dan gələn alim adamın otları dərhal tanımadığını görəndə təəccüblənir və haqqında danışdığımız məşhur ifadəni işlədir.
Biz bu gün də özünü savadlı, intellektual, hər şeydən xəbərdar, elm-bilik adamı kimi göstərən, lakin həlledici anda adi şeyləri bilməyən şəxslər haqqında «adını alim qoyub» replikasını işlədirik. Bəzən intellektual saydığımız bir şəxsdə hansısa çatışmazlığı gördükdə də ərklə bu ifadəni dilimizə gətiririk.
Məsəllər, deyimlər►Dara düşmüş, imdad diləyən adamların harayına yetən, insanları fəlakətdən, çətinlik və sıxıntıdan qurtarıb xoşbəxt edən xəyali xilaskar qəhrəman.
İfadə xalq arasında yayılmış mifik təsəvvürlərdən qaynaqlanmışdır.
Göründüyü kimi, ifadədə əsas vurğu «ağ at» obrazının üzərindədir. Ümumiyyətlə, dünyanın bir çox xalqlarında olduğu kimi, Azərbaycan folklorunda da ən çox yayılmış obrazlardan biri olan at Günəşin Yer üzündəki rəmzi hesab olunur. «Avesta»da Günəşin ata minib cövlan etməsindən bəhs edilir, günün şüaları at yalının saçaqlarına bənzədilir.
Günəş atı Azərbaycan folklorunda da ağ at kimi təqdim olunur. Ağ at (və ya ağ-boz at) kultu bir sıra türkdilli xalqlarda geniş yayılmışdır. Qədim dövrlərdə ağ atın Günəşə qurban kəsilməsi bir adət olmuşdur. E.ə. V əsrdə Herodot yazırdı ki, skiflər «yalnız günəş allahına etiqad edir və ona at qurban kəsirlər. Bu qurbanlığın mənası belədir: ən cəld olan allaha ən cəld canlı qurban verilir».
Günəşin təmsilçisi ağ at «böyük, müqəddəs at» deməkdir. Qədim türk dillərində «ağ» sözü həm həqiqi, həm də məcazi mənada «böyük, müqəddəs» mənasına malik olmuşdur. Daha qədimlərdə bütün rəng adları əvvəl bu mənalarda işlədilmişdir. «Ağ» sözündəki bu mənanı ağ yazı, ağ qaya, ağ çeşmə, ağ çöl, ağ div, ağ keşiş, ağa və bu kimi vahidlərin tərkibində görmək mümkündür. Eyni məna «ağ-boz at» tərkibində də müşahidə edilir.
Məsəllər, deyimlər►Kiçik detallara hədsiz diqqət yetirdiyindən əsas məsələni, problemi, mahiyyəti görməmək.
İfadə bir səyahətçinin başına gəlmiş əhvalatdan götürülüb.
Rəvayətə görə, XVI əsr səyahətçisi Syer Qolar dostlarının böyük və gözəl şəhər Paris haqqında rəvayətlərinə qulaq asaraq Fransanın paytaxtını görmək istəyir. Parisə gələndə onun diqqətini daha çox parklar, bulvarlar və bir də küçələrdə evlərin qarşısını kəsən çoxlu ağaclar cəlb etdi.
Paris səyahətindən qayıdan Qolar səyahət haqqında hesabatında bu haqda heyrətlə yazdı. Dostları ondan başqa təəssürat gözləyirdilər və ona görə də onu ağaclara görə meşəni görə bilməməkdə qınadılar. Yəni Parisin məşhur olan əsas yerlərini görmədiyini deyərək ona güldülər.
Hazırda ifadə xırda elementlərə uyub əsas məsələni, mahiyyəti, vacib olanı görə bilməməyi vurğulamaq üçün işlədilir.
Məsəllər, deyimlər►Yaxşını pisdәn, xeyirlini zәrәrlidәn, müsbəti mәnfidәn fərqləndirə bilmәk.
İfadənin zərdüştilikdən qaynaqlandığı ehtimal edilir.
Bu təlimə görə, ağ rəng xeyiri, qara isə şər qüvvələri təmsil edir (qara basmaq, qara qüvvə, günü qara olmaq və s.). Odur ki ağ Hörmüzün – gündüzün, qara isə Əhrimənin – gecənin rəmzi hesab olunurdu.
«Kitabi-Dədə Qorqud»da «ağlı-qaralı seçilən çağ» ifadəsi «dan vaxtı, sübhün alaqaranlığı» mənasında işlənmişdir: «Ağlı-qaralı seçilən çağda, köksü gözəl qaya dağlara gün dəyəndə... Dirsə xan qalxıban yerindən uru durub, qırx yigidi boyuna alıb Bayandır xanın söhbətinə gəlirdi».
Tədricən «ağı qaradan seçmək» ifadəsi həm də axşamın düşdüyünü bildirmək üçün işlənməyə başlamışdır. Qədim dövrlərdə axşamın başlandığını bilmək oruc tutanlar üçün vacib idi. Yalnız axşam «iftar açmaq», yeməyə başlamaq olardı. Adətən, bu vaxtı bildirmək üçün top atırdılar. Top səsi çatmayan uzaq yerlərdə (dağlarda, səhralarda) isə ağ və qara sap götürüb yanaşı tuturdular. Bu saplar bir-birindən seçilmədikdə bilinirdi ki, iftar vaxtı çatıb.
«Ağa ağ, qaraya qara demәk» və ya «ağına-bozuna baxmamaq» ifadəlәrindә dә hәmin mәnanın izlәri vardır. Bundan başqa, «ağ-qara» təzadı ilə bağlı bir çox atalar sözləri də var: «İlanın ağına da lənət, qarasına da», «Ağa ağ deyiblər, qaraya qara», «Ağ gün ağardar, qara gün qaraldar» və s.
Məsəllər, deyimlər►Həyatın, güzəranın xoş keçməsi, işlərin yoluna düşməsi naminə insanın bəxti gözləmək əvəzinə ağıl işlədib fərasət göstərməsinin vacib olduğunu bildirən ifadə.
Xalq inancına əsaslanan bu ifadə el arasında yayılmış rəvayətlə bağlıdır.
Rəvayətə görə, bir gün ağıl ilə bəxt gəzməyə çıxırlar. Cavan cütçünü yer şumlayan görən bəxt, ağıla onu kamal və dövlətə çatdırmaq üçün bu gəncin bədəninə daxil olmağı təklif edir. Ağıl cütçüyə bir də baxır və bu adamdan bir şey çıxmayacağını söyləyib razı olmur, bəxt isə gəlib oğlanın bədəninə girir.
Cütçü qazılıb çevrilmiş torpağı bel ilə əzib yumşaldarkən onun içərisindən par-par parıldayan böyük bir daş tapır. Onu əlinə götürüb bir qədər baxır, ağlı olmadığı üçün adi daş zənn edib kənara tullayır.
Bu vaxt təsadüfən onun yanından keçən atlı hələ uzaqdan daşın parıltısını görüb atından yerə enir. Daşın misilsiz qiymətə malik olduğunu yəqin etdikdən sonra cütçüyə müraciətlə daşı ona satmasını istəyir. Cütçü cavabında deyir:
− Xoşun gəlirsə, götür, o daş mənim nəyimə gərəkdir?!
Atlı iri ləl parçasını götürüb gedir. Bir padşahın xəzinəsində onu dəyişib əvəzində çoxlu qızıl alır və cah-calal içərisində yaşamağa başlayır. Bir gün bu var-dövləti ona bağışlamış kəndlinin yaxşılığından çıxmaq fikrinə düşür, cütçünü tapıb onu təzə tikdirdiyi imarətə dəvət edir və qızını da ona verməyə razı olduğunu söyləyir. Oğlan gəlib evə baxır, mətbəxdən keçərkən bir parça çörəklə bir tikə pendir götürüb çuxasının altında gizlədir, xəlvət yerdə yemək məqsədilə həyətə çıxır.
Qızın atası onu axtarmağa başlayır. Oğlan elə bilir ki, pendir-çörək oğurladığını başa düşərək onu tapmaq istəyirlər. Buna görə də qorxusundan qaçır.
Oğlanın bu axmaq hərəkətlərindən təngə gəlmiş bəxt öz-özünə:
− Düzdür, deyirlər, adamın gərək bəxti olsun, amma mən nə qədər çalışsam da, ağılın köməyi olmadığı üçün bir iş görə bilmədim, − deyir.
Beləliklə, bəxt də onu tərk edib gedir.
Bu ifadə həm də fatalizmə (həddindən artıq taleyə, bəxtə inam) qarşı işlədilir.
Məsəllər, deyimlər►Adi adamların yüksək ağıl sahiblərini düzgün başa düşə bilməməsindən, anlamamasından doğan vəziyyəti bildirmək üçün işlədilən ifadə.
İfadə rus yazıçısı və diplomatı Aleksandr Qriboyedovun eyniadlı məşhur komediyasının dilimizə tərcüməsi ilə əlaqədar yayılmışdır.
Əslində, bu məşhur ifadənin ən qədim variantı «ağlı çox olanın dərdi də çox olur» şəklində müqəddəs «Bibliya»da işlədilmişdir.
A.Qriboyedovun adıçəkilən əsərində təsvir olunur ki, cahillər mühitinə düşmüş yeganə ağıllı, nəcib, əsl insan olan A.Çatskidir. Ətrafı bürümüş yalana, ikiüzlülüyə, mənəviyyatsızlığa, riyakarlığa qarşı mübarizə aparan A.Çatski məhz ağlına görə bəlaya düçar olur.
Məsəllər, deyimlər►İnsanın düşdüyü ağır vəziyyətdən çıxış yolu tapa bilmədiyini, yalnız fəlakətə, dərdə ağlayıb ürəyini boşaltmaqla təskinlik tapdığını bildirən ifadə.
İfadə Molla Nəsrəddinin geniş yayılmış bir lətifəsindən qaynaqlanıb.
Həmin lətifədə deyilir ki, Mollanın yaxşı süd verən inəyi var imiş. Həmin inəyin sayəsində öz güzəranını qurubmuş. Günlərin bir günü inək xəstələnib ölür. Molla bu itkiyə görə çox pərişan olub gecə-gündüz ağlayır. Onun belə pəjmürdə halını görən qonum-qonşu təəccüblənib soruşur:
– Ay Molla, heç ötən il arvadın öləndə bu qədər üzülüb özünə əl qatmırdın, nə olub indi bir inək üçün bu qədər göz yaşı tökürsən?
Molla deyir:
– Ötən il arvadım öləndə qonşu, qohum-əqrəba – hamı yaxınlaşıb mənə təskinlik verir, «kədərlənmə, sənə ondan da yaxşı arvad alarıq» deyirdilər, mənim də dərdim azalırdı. Amma indi heç bir nəfər də yaxınlaşıb demir ki, «qorxma, sənə ondan da yaxşı inək alarıq». Bax indi mən ağlamayım, neyləyim?!
Məsəllər, deyimlər