Reklam
Reklam

Məsəllər, deyimlər

SÖZÜN AĞRISINI ÇƏKMƏK

►Dediyi nahaq bir sözə görə əzab çəkmək, narahat və peşman olmaq.

İfadə xalq arasında yayılmış bir rəvayətlə bağlıdır.

Həmin rəvayətdə deyilir ki, bir vilayətdə mömin bir qoca din xadimi, müfti, vaiz olmaqla yanaşı, həm də qazı yanında müşavirlik edərdi. Vilayət rəisinin də ələvi bir oğlu var idi. O da vaiz və qazı yanında müşavir idi. Bunlar hər ikisi həmişə bir-birini ifşa edər və minbərdən bir-birinə ağır sözlər deyərdi.

Bir gün bu ələvi minbərdən həmin qocanı «kafir» adlandırdı. Xəbəri qocaya çatdırdılar, o da minbərdən həmin cavanı «haramzadə» sözü ilə damğaladı. Xəbəri ələviyə çatdıranda cavan müşavir özündən çıxdı, tez yerindən qalxıb qazının yanına getdi. Qocadan şikayət edib ağladı. Qazının qocaya acığı tutdu, onu çağırtdırdı və söylədiyi sözü sübut etməzsə, onu cəzalandıracağını bildirdi. Qoca dedi ki, oğlanın atası ilə anasının kəbinlərini vaxtilə özü kəsib. İndi oğlan onu «kafir» adlandırır. Əgər bu doğrudursa, demək, həmin oğlan «haramzadədir», çünki kafirin kəsdiyi kəbin haramdır. Yox, əgər bu söz doğru deyilsə, demək, o oğlan yalançıdır və ona cəza vermək lazımdır. Cavan bərk tutuldu, heç bir cavab tapa bilmədi. Fikirləşməyib dediyi sözün ağrısını çəkdi.

Məsəllər, deyimlər