Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

fabula

lat. fabula – hekayət, təmsil

Müəl­lifin qələmə aldığı hadisələrin əsər­dəki ardıcıllığı.

Bəzən F. və «süjet» an­la­yışları ey­niləşdirilir. Əgər müəllif ha­­­disələri baş ver­diyi xronoloji ardıcıllıqla qələmə alırsa, əsərin F.-sı və süjeti üst-üstə düşür. Lakin bir sıra hallarda oxucuda maraq ­oyatmaq, onu gərginlikdə saxlamaq məq­sədilə bu ar­dı­cıllıq dəyişdirilir, məsələn, sonda baş ver­miş əhvalat əsərin əvvəlində təsvir edilir. F. hadisələrin məhz müəllif tərə­findən qələ­mə alınmış ardıcıllığını nəzərdə tutur. Nəqletmə subyekti (əsərin müəllif və ya ha­­disələrin şahidi tərəfindən nəql olunmasi), nəqletmə forması (gün­dəlik, mək­tub, salnamə və s.) anlayışları da F.-ya aiddir.

Jurnalistika terminləri lüğəti

fakt

lat. factum – baş vermiş

1. Həqi­qətən olmuş hadisə.

2. Bir qənaətin, fər­ziyyənin doğruluğunu təsdiq etmək üçün gətirilən dəlil.

3. Jurnalistikada: göz qaba­ğında olan gerçəkliyin fraqmenti.

F. jurnalistikada məhz bu cür anlaşıldığına görə (hər hansı hadisənin gerçəklikdə baş verib-vermə­məsindən asılı olmayaraq) kiminsə onun haqqında rəy, mülahizə bildirməsi halı da F. adlandırılır. F.-a əsaslanmaq jur­nalistlərin peşə etikası kodeksinin əsas tələblərindən biridir. Lakin terminin kifayət qədər geniş izahı bəzən pofessional prob­lemlərin ­ya­ran­­masına səbəb olur. Bunu nəzərdə ­tu­taraq F. sözünün izahına Oksford lü­ğət­lərində belə bir cümlə daxil edilib: «Hətta ən qa­baqcıl jurnalistika da faktlarsız zə­ifləyərək mövqeyini tamamilə itirə bilər: bu o deməkdir ki, ortada gerçək fakt yoxdur».

Jurnalistika terminləri lüğəti

faktla rəyin fərqləndirilməsi

lat. factum – baş vermiş

1. Xəbərlərdə konkret faktla bu fakta aid qiymətləndirici müla­hizələrin oxucu (tamaşaçı, dinləyici) tərə­findən asanlıqla fərqləndirilə biləcəyi tərz­də verilməsini tələb edən peşə prin­sipi.

Prinsip auditoriyaya fakt barədə öz fikrini müstəqil surətdə formalaş­dırmağa imkan vermək, medianın ictimai rəymanipulyasiya cəhdlərinin qarşısını almaq məqsədi güdür. F.R.F. jurnalistikada etik kodekslərin mühüm tələblərindən biridir. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarında bu prinsip aşağıdakı formada əksini tapıb: «Yazıda şərhlər elə şəkildə ifadə edilməli­dir ki, oxucu onu xəbərdən, faktdan ayı­ra  bilsin, bunun məhz jurna­listin mövqeyi olduğunu anlasın».  Audi­to­r­iyanın etima­dı­nı yüksək qiymətləndirən KİV-in əksəriy­yətində xəbərlərdə rəy bil­di­rilməsinə, ümu­miyyətlə, qadağa qoyulur, xəbər mətn­lərinin linqvistik xüsusiy­yətlərinə diqqət yetirilir, rəy bildirən materiallar isə qəzet köşəsində, analitik məqalələrdə, TV və radioda – xüsusi rubrika altında, yaxud ayrıca proqramlarda verilir.

2. Diffamasiyaya aid məhkəmə iş­lərində iddiaya səbəb olmuş materiallar araşdırılarkən fakt­larla qiymətləndirici mü­lahizələr ara­sında ciddi fərq qoyulmasını tələb edən qayda.

Bu qayda ilk dəfə «Lingens Avs­triyaya qarşı» işi üzrə Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarda (1986) formalaşdırılıb. Məhkəmə «fakt» və «qiy­mət­ləndirici mülahizə» an­layışları ara­sın­da ciddi sədd çəkib, mü­əy­yənləşdirib ki, «fak­tın gerçəkliyini sübuta yetirmək olar, rəyin həqiqiliyini isə heç də həmişə sübut etmək olmur». Ca­vab­deh­dən qiymət­lən­dirici mü­lahizəsinin ger­çək­liyə uyğun­lu­ğunu sübuta yetirməyi tələb etmək yol­verilməzdir və Avropa kon­ven­siyasının 10-cu maddəsinin zəmanət ver­diyi ifadə azadlığının pozulması de­mək­dir.

Jurnalistika terminləri lüğəti

faktoqrafiya

lat. factum – baş vermiş + yun. grapho – yazıram

1. Bir sahəyə, mövzuya, hadisəyə dair faktların izahsız, təhlilsiz, şərhsiz toplusu.

2. Faktların, ha­disələrin heç bir izah, təhlil və şərh olma­dan, ümu­mi­ləşdirilmədən təsvir edil­­məsi.

Bu termin əksər hallarda mənfi mənada, hər hansı materialın bəsit və yaradıcılıqdan kənar ol­duğunu gös­tər­mək üçün işlədilir.

Jurnalistika terminləri lüğəti

faktor

lat. factor – edən, düzəldən

Hər hansı hadisənin, prosesin xarakterini mü­əy­yənləşdirən, yaxud ona təsir edən sə­bəb, qüvvə, amil.

Jurnalistika terminləri lüğəti

fantaziya

yun. phantasia – xəyal

1. Xə­yalən bir şey uydurma, təsəvvür etmə, yeni obrazlar yaratma bacarığı.

F. mə­lum faktlara və hadisələrə fərqli baxış ­bu­cağı tap­mağa kömək edir və bədii yara­dıcılıqda böyük əhəmiyyətə malikdir. Lakin dəqiqlik, obyektivlik tələb edən yaradıcılıq sahə­lə­rində, o cümlədən jurnalistikada bir çox hallarda F. mənfi tonallıqda işlədilir; «F.-ya güc vermək» deyəndə müəllifin ger­çək fakta deyil, həqiqət olmayana üstünlük ver­diyi, iştirakçısı olmadığı hadisə haq­qında uydurma yazdığı nəzərdə tutulur.

2. Təxəy­yülün məhsulu.

F.-da ger­çəkliyin ele­ment­ləri güclü şəkildə təhrif olunmuş, yaxud dəyişdirilmiş formada təqdim edilir.

Jurnalistika terminləri lüğəti

felyeton

fr. feuilleton < feuille – vərəq, sə­hifə

Aktual mövzuda satirik tərzdə yazılmış kiçikhəcmli qəzet-jurnal janrı;  nöqsanları konkret faktlar əsasında satirik dillə tənqid edən bədii-publisistik əsər.

Maraqlıdır ki, əsas məqsədi bir şeyi tənqid etmək olan F. termini müx­təlif lü­ğətlərdə fərqli izah edilir; mə­sələn, bu söz Merriam-Webster (ABŞ) lüğə­tində «Av­ropa qəzetləri və jur­nal­larının oxucunu əylən­dirmək üçün yazıl­mış materiallar ­yer­ləşdirilən hissəsi», Oksford (İngiltərə) lü­ğə­tində «qəzetin, ya­xud jur­nalın bel­le­tristikaya, tənqidə, yün­gül ədə­biyyata həsr olunmuş hissəsi», fransız lü­ğətlərində «serial, sabun operası», rus lüğətlərində isə Azərbaycanda ol­duğu kimi izah edilir. Sə­bəbini bilmək üçün terminin tarixini araş­dırmaq lazımdır. O, 1800-cü ildə Fran­sada yaranıb. Journal des Debats nəşri qəzet səhifələrini uza­daraq artırılmış hissədə kitablar, teatr ta­maşaları barədə tənqidi qeydlər, rebuslar, epiqramlar, məzəli əh­va­latlar və s. əylən­cəli materiallar yer­ləş­dirməyə başlayıb. Fransızlar səhifənin hə­min hissəsini F. ad­landırıblar, sonradan bu termin transformasiyaya uğ­rayaraq həmişə eyni yerdə dərc olunan əyləncəli seriallara, «sabun operaları» ya­randıqda isə onlara şamil edi­lib. Rusiyada XIX əsrin ortalarından baş­layaraq F.-ların məhz sosial mahiyyəti, tənqidi «yükü» artıb. Azərbaycanda ilk F.-lar XX əsrin əv­vəl­lərində yaradılıb və termin Rusiyadan gəl­diyi üçün eyni anlamda işlə­dilib.

See also:

Jurnalistika terminləri lüğəti