Katolisizmdə mərkəzləşdirilmiş rahib birlikləri.
R.O.-nin fəaliyyəti, bir qayda olaraq, papalıq tərəfindən təsdiqlənən nizamnamələrlə tənzimlənir. Onlar katolik kilsəsinin nüfuzunu möhkəmlətməyə xidmət edir, bidətlərə qarşı mübarizə aparır. Katolisizmdə ilk rahib ordeni əsası VI əsrdə qoyulmuş benediktçilər hesab olunur. XI–XII əsrlərdə səlib yürüşləri ilə əlaqədar bir sıra ruhani-cəngavər ordenləri də yaradılıb. XII–XIII əsrlərdə R.O.-nin sayı xeyli artıb və onların arasında dilənçi ordenləri (fransiskçilər, dominikçilər, karmelitlər və s.) xüsusi yer tutub. Həmin ordenlərin üzvləri şəxsi əmlakdan imtina edərək sədəqə hesabına yaşayıblar. XVI əsrdə Reformasiyaya qarşı mübarizə məqsədilə yaradılmış yezuitlər ordeni ən mürtəce hərbi və dini təşkilatlardan biri olub. R.O.-nin üzvləri, əsasən, monastırlarda yaşayırlar. XX əsrin ortalarında dünyada təqribən 180 rahib ordeni qeydə alınıb, onların bir çoxu fəaliyyətini davam etdirir.
Tarix terminləri lüğəti