Reklam
Reklam

Tarix terminləri lüğəti

yezuitlər

lat. “Societas Jesu” – “İsa cəmiyyəti”

1534-cü ildə Parisdə xırda ispan zadəganı İqnati Loyola tərəfindən yaradılaraq 1540-cı ildə papa tərəfindən təsdiq olunmuş katolik rahib ordeninin üzvləri.

Reformasiyanın böyük uğurlar qazandığı dövrdə təsis edilmiş orden kontrreformasiyanın əsas silahına çevrilib. Katolisizmin müdafiəsi və yayılmasına, papa hakimiyyətinin möhkəmləndirilməsinə çalışan Y. missioner fəaliyyətini genişləndirərək elm, təhsil, gənclərin tərbiyəsi məsələlərinə fəal müdaxilə ediblər. Fəaliyyətlərinin daha uğurlu alınması üçün onların çoxu dünyəvi həyat tərzi sürüb və öz mənsubiyyətlərini gizli saxlayıb. XVI əsrdə Avropada möhkəmləndikdən sonra Y. Hindistan, Yaponiya, Çin və Filippinə nüfuz ediblər, XVII əsrin əvvəlində isə Paraqvayda Yezuitlər dövlətinin əsasını qoyublar. Lakin siyasi proseslərə fəal müdaxilə XVIII əsrdə onların bir sıra Avropa ölkələrindən (Portuqaliya, Fransa, İspaniya və s.) qovulmasına gətirib çıxarıb, 1773-cü ildə isə papa XIV Klement ordeni formal cəhətdən ləğv etməli olub. Bununla belə, XIX əsrin əvvəlində Avropada feodal rejimlərin bərpası dövründə Y. ordeni yenidən (1814) fəaliyyətə başlayıb. Y. dünyada dəyişən şəraitə məharətlə uyğunlaşmağı bacarırlar, bu səbəbdən müasir dövrdə də mövcudluqlarını davam etdirirlər. Hazırda Y.-in nəzarəti altında yüzlərlə mətbuat orqanı, onlarla ali və orta təhsil müəssisəsi fəaliyyət göstərir.

Tarix terminləri lüğəti