Reklam
Reklam

Tarix terminləri lüğəti

orden

alm. orden < lat. ordo – sıra, dərəcə

1. Fərqlənmə nişanı, xüsusi xidmətlərə görə mükafat.

2. Ümumi məqsəd və həyat tərzinə malik, öz aralarında əhd bağlamış bir qrup şəxsi birləşdirən təşkilat.

O. termini Qərbi Avropada XI–XII əsrlərin dini-cəngavər təşkilatları ilə əlaqədar yaranıb, ilk vaxtlar məhz “ümumi məqsəd ətrafında birləşmiş, əhd kəsmiş insanlar qrupu” anlamında işlədilib. Belə təşkilatların üzvləri sinələrində qızıl və gümüşdən hazırlanıb qiymətli daşlarla bəzədilmiş xüsusi fərqlənmə nişanları gəzdiriblər, beləliklə, yeni ənənənin əsasını qoyublar. Həmin fərqlənmə nişanlarına da O. deyilib. XIV–XVI əsrlərdə Avropa monarxları zadəganları həvəsləndirmək, mükafatlandırmaq üçün saray O.-ləri təsis etməyə başlayıblar. XVIII–XIX əsrlərdə Avropadan kənarda yerləşən dövlətlərdə – Türkiyə (1799), İran (1808), Yaponiya (1875) və Çində (1882) də oxşar fərqləndirmə nişanları təsis olunub. Azərbaycanda O. yaratmaq üçün ilk cəhd AXC (1918–1920) hökuməti tərəfindən göstərilib. Həmin dövrdə milli O.-lərin eskizləri üçün müsabiqə elan edilib. Lakin 1920-ci il aprel işğalı bu planları həyata keçirməyə imkan verməyib. XX əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk milli O.-lər təsis olunub (“İstiqlal”, “Şah İsmayıl”, “Azərbaycan bayrağı”, “Şöhrət” və s.).

Həmçinin bax:

Tarix terminləri lüğəti