yun. monasterion – zahidin hücrəsi
Bir sıra dinlərdə vahid həyat tərzini qəbul etmiş rahib (kişi M.-ı) və ya rahibələrin (qadın M.-ı) icması, habelə onlara məxsus dini ibadət, yaşayış, təsərrüfat tikililəri kompleksi.
Belə icmaların nizamnaməsi özünəməxsus dini-əxlaq normalarını – tərkidünyalığı, nikahsızlığı, daim dua etməyi və s.-ni nəzərdə tutur. Ən qədim M.-lar buddizmə aid olub və e.ə. I minilliyin ortalarında Hindistanda yaranıb. İlk xristian M.-ları isə zahid məskənləri kimi III–IV əsrlərdə Misirdə meydana gəlib. Feodalizmin inkişafı prosesində katolik M.-ları iri torpaq sahiblərinə və Avropada siyasi hökmranlıq uğrunda mübarizədə Roma papasının əsas dayağına çevrilib. Orta əsrlərdə təhsil kilsənin nəzarətində olarkən M.-lar savadın, kitab nəşrinin, bədii sənətkarlığın yayılmasında mühüm rol oynayıb. Yeni və xüsusilə ən yeni dövrdə M.-ların siyasi-iqtisadi nüfuzuna son qoyulsa da, onlar fəaliyyətlərini davam etdirir.
Tarix terminləri lüğəti