Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELÇİN azərb.

mürəkkəb adların tərkibində işlənən el və qədim türk və çin dillərindəki çin sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elçin (bax: EL; ÇİN) kişi adı elinin namuslu oğlu, eli üçün əlindən gələni etməyə qadir, elin gücü, elin qüdrətidir. XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELDAR azərb.

mürəkkəb adların tərkibində işlənən el və fars. dar sözlərinin birləşməsi ilə əmələ gəlmiş şəxs adıdır. Dünyanın bəzi ölkələrinin dilində də yer almış Eldar (bax: EL; DAR) kişi adı elin olan, elin sahibi, elləri olan, elli, yurdu, yuvası, məmləkəti, yeri, məkanı olan, həmçinin elin sahibi, elin hakimi anlamlarını ifadə edir.

Bir çox mənbələrdə oronim olduğu göstərilir. Azərbaycanda Samux bölgəsi ərazisində məşhur Eldar dağı var. Eyni zamanda Eldar şamları da Azərbaycanda geniş yayıldığından fitonim oldu- ğu haqqında da məlumatlara rast gəlinir. Adın daşıyıcılarından Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) Eldar Həsənov (1965-1994) 1994-cü ildə Füzuli bölgəsinin Horadiz qəsəbəsi uğrunda gedən çox çətin döyüşlərdə öz təşəbbüsü ilə vətənpərvər döyüşçü əzmkarlığı ilə ön cəbhədə vu- ruşarkən qəfil partlayan düşmən mərmisindən həlak olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELDAŞ azərb.

mürəkkəb adların tərkibində işlənən el daç sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Eldaş (bax: EL; DAŞ) kişi adı öz elinin, yurdunun, vətənin daşı (elinə sadiq, el üçün əlindən gələni əsirgəməyəcək dağ, qaya kimi möhkəm adam) olmaq mənasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELGÜN azərb.

mürəkkəb adların tərkibində işlənən el gün sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elgün (bax: EL; GÜN) kişi adı öz elinin günəşi, öz eli üçün yanan anlamlarını ifadə edir. Bir sıra lüğətlərdə Elgün antroponimi elkün sözü ilə əlaqələndirilir və camaat, xalq, el, oba, dövlət olduğu barədə şərhlərə rast gəlinir. Bu fikirlər də inandırıcı görünür.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELGİZ türk mənş.

Eldəniz/Eldəgiz adındandır (bax: ad – ELDƏ- NİZ). Eldəgizlər sülaləsinin adından olub,da hecasının düşümü nəticəsində formalaşmış şəxs adıdır.

XX əsrin ortalarında bu ad artıq populyarlığını itirmiş olsa da, əsrin 80-ci illərindən yenidən populyarlaşmağa başlamışdır. Bu gün Elgiz adı məişətimizdə geniş yayılmış şəxs adları sırasındadır. Adın daşıyıcılarından Azərbaycanın Mülli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) Elgiz Kərimov (1971-1992) I Qarabağ müharibəsində Qarabağın Naxçıvanik kəndi uğrunda gedən qanlı döyüşlərdə döyüşçü yoldaşlarını mühasirədən çıxarmağa nail olsa da, özü qəhrəmanlıqla həlak olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELXAN azərb.

mürəkkəb adların tərkibində işlənən el sözü və arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elxan (bax: EL; XAN) kişi adı elin xanı, elin başçısı, hökmdar, imperator, padşah və buna yaxın anlamları ifadə edir. Qədim türk xalqlarında elxan hökmdar titulu olmuşdur.

Bu titulu VI əsrdə Şərq xanlığında Bumın xaqan qəbul etmişdi. Tarixdə XIII-XIV əsrlərdə Azərbaycanda özünə elxan titulunu götürmüş monqol Hülaku xanın əsasını qoyduğu Elxanilər dövlətinin hökm sürmüş olduğu da məlumdur. Bədii ədəbiyyatda bu adı ilk dəfə C.Cabbarlı “Od gəlini” əsərində işlətmişdir. Ədibin digər əsərlərinin qəhrəmanı kimi, öz elinin qəhrəman oğlu kimi təqdim edilmiş Elxan surəti də ümumxalq məhəbbəti qazanmışdır. Antroponimin bugünə qədər populyarlığını saxlamasının da əsas səbəblərindən birincisi bu olmuşdur desək, yəqin ki, səhv etmərik.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELİZBAR Qafqaz mənş.

elizbar sözündən olduğu barədə məlumatlar mövcuddur. Cənubi Qafqaz ölkələrində rast gəlinən bu antroponim gürcü dilində daha geniş yayılmışdır. Azərbaycanda, əsasən, Elizbar/Elzibar şəklində işlənir. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı yerlərdə daha çox rast gəlinən şəxs adlarındandır. Elizbar adı xristian dini ilə (xristian dinini qəbul etməklə) bağlı antroponimlərdəndir. Gürcü şəxs adları siyahısında Qafqazda qədim adlardan hesab edilən adın, əsasən, XVII əsrdən sonra geniş yayıldığı barədə məlumatlar mövcuddur. XII əsrdə yaşamış gürcü knyazı Elizbar Ksanskiyə olan xalq məhəbbətinin təzahürü, adına ehtiram əlaməti olaraq həmin dövrdən etibarən bu ad məşhurlaşmağa başlamışdır. Gürcü tarixində Elizbar Ksanskiyə rəğbət onun digər knyazlar – Bidzin və Şalva Ksanskilərlə birlikdə Şərqi Gürcüstan ərazisini yadelli işğalçılardan azad etməsi və öz əqidəsi yolunda məhv edilməsi ilə əlaqədardır.

Bir məsələni də qeyd etmək lazımdır ki, Cənubi Qafqazda yaşayan digər xalqların dilində olduğu kimi, Gürcüstanda yayılmış Qafqaz mənşəli Elizbar adının mənşəyi barədə dəqiq məlumatlar yoxdur. Gürcü şəxs adları lüğətlərində bu səbəbdən adın qədim yəhudi dilində olan Yelisey (qədim yəhudu dilindən tərcümədə Tanrının xilas etmiş olduğu) və yəhudi mənşəli bar (oğul) sözü ilə əlaqəli olması ehtimal edilir. Beləliklə də Elizbar/ Elzibar kişi adının Tanrının xilas etdiyi oğul olması barədə şərhlərə rast gəlinir. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, bu mürəkkəb adın türk mənşəli el sözü ilə başlaması, bununla da onun dəqiq türk mənşəli antroponim olması barədə ehtimallar da əsassız sayıla bilər. Çünki türk dillərində zibar sözü olması və mənşəyi ilə bağlı mənbələrdə məlumatlara rast gəlinmir. Lakin Qafqazda yayılmış qədim adlardan olan Elizbar/Elzibar antroponimi bu gün Cənubi Qafqazın digər xalqlarında olduğu kimi, dilimizdə də mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti