daş sözü bir neçə mənada işlənir: a) Təbiətdə parçalar, yaxud böyük və kiçik kütlələr şəklində təsadüf olunan, suda həll olunmayan bərk cisim (süxur); b) Daşdan düzəldilmiş, daşdan tikilmiş, daşdan hörülmüş, daşdan yonulmuş; c) Bəzək üçün işlədilən füruzə, yaqut, almaz, brilyant və s. verilən ümumi ad, həmçinin daş-qaş və s. Daş sözünün dilimizdə rəhmsizlik, mərhəmətsizlik, amansızlıq, çox sərtlik, hissizlik və s. kimi məcazi mənaları da mövcuddur.
Erkən dövrlərdə türklərin daşa tapınması, inamları haqqında kifayət qədər məlumat mövcuddur. Məlum olduğu kimi, ibtidai insanın əsas qayğılarından biri özünü qorumaq və yaşamaq üçün yemək əldə etmək olmuşdur. Bütün xalqlar kimi, qədim türklər də yemək axtarmağa gedərkən özlərinə bir ov aləti, silah düzəltmişlər. Daşı dəmirdən əvvəl görüb-tanıyan ulu babalarımız da heyvanı daşla ovlayıb, yeri gəldikdə özlərini də vəhşi təbiətdən, daha dəqiq, vəhşi heyvanların hücumundan daşla qorumaq məcburiyyətində qalmışlar. Bu, daşa inam yaradan əsas amillərdən olmuşdur. Qeyd etmək lazımdır ki, bu gün türk xalqlarının antroponimik vahidlər sistemində tərkibində daş (bəzən taş) sözünün iştirak etdiyi kifayət qədər kişi adları mövcuddur. Məsələn, Bektaş, Daşdəmir, Taşər, Taşqan, Taştəkin və s. Qədim türklərdə daşın hətta insan ruhunu daşımaq qabiliyyətinə malik olmasına dair çoxlu inam mövcuddur. İnsanlar arasında belə bir inam vardır ki, hər kəsin özünün daşı var. Bununla əlaqədar dilimizdə Daçım onların baçına düçüb; Manim daçım ağırdır; Man daçdan yaranmıçam; Onun daçı ağırdısa, öz baçına düçsün və s. kimi deyimlər, ifadələr, atalar sözləri bu gün də yaşayır. Qara daşın müqəddəsliyi ilə bağlı bir neçə xalq deyimi mövcuddur. Məsələn, keçmişdə arzu olunmayan adamın bir daha qayıtmaması üçün onun arxasınca qara daş atardılar. Daş atdıqda guya o adam bir daha geri qayıtmayacaqdı. Bu inanclar bu gün danışıqda Getsin, dalınca qara daç; Çıxan kimi arxasınca qara daç atmaq lazımdır ki, bir daha buralara qayıda bilmasin; Qara daç aparsın və s. kimi ifadələrdə də yaşamaqdadır. Ailələrdə nankor övlad barəsində San doğulunca bir qara daç doğulaydı; Qara daç sandan yaxçıdır və s. kimi deyimlər mövcuddur. Xalq arasındakı inama görə, qara daşların özlərinə məxsus xüsusiyyətləri vardır. Deyirlər ki, bu daşlar artıb çoxalmaq, doğmaq xüsusiyyətinə malikdir. Bəzi daşların 40-a qədər bala verdiyi söylənilir. Türklərin daşla əlaqədar inamlarına görə, insan daşa çevrilə bilər. Azərbaycanda daşa çevrilmiş insanlarla bağlı çoxlu rəvayət mövcuddur. Folklorumuzda da daşa çevrilmə motivinə rast gəlinir. İnanclara görə, insanın daşını çevirməklə onun xasiyyətini dəyişmək olur. Hətta dilimizdə bununla bağlı Ela bil daçı çevrilib ifadəsi də mövcuddur. İnanclara əsasən yalnız insanların deyil, hətta heyvanların daşını da çevirmək olar. Xü- susən durna qatarının səfi pozulanda deyirlər ki, kimsə daşlarını çevirib. Daşa inam, tapınma onun həm də sehrli qüvvəyə malik olması, onları qırarkən qığılcım verməsi ilə əlaqələndirilir. Belə daşlar “dəmir daş” adlanır. Bundan başqa, bir sıra qiymətli daşlardan bəzək əşyaları düzəldilir. Əqiq, zümrüd, firuzə və s. daşlar müxtəlif xəstəlikləri, nəzərdəyməni, düşmənin xətasını sovuşdura bilir. Göründüyü kimi, daşa inam daha qədim dövrlərlə səsləşməklə, genetik cəhətdən türklərlə bağlıdır. Daşa inam türk şəxs adları sistemində də özünü büruzə verir. Bu gün də türk xalqlarında tərkibində daş sözünün iştirak etdiyi kifayət qədər kişi adı məlumdur. Erkən dövrlərdə dilimizin antroponimik sistemində bu qəbildən olan şəxs adlarının sayı çox olsa da, bu gün azalmışdır. Daş sözünün işləndiyi kişi adlarında qədim türklərin daşa inamları öz ifadəsini tapmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti